Sahibə Qafarova YAP-ın Lerikdə təşkil etdiyi “Yay məktəbi”ndə olub - FOTOSESSİYA

Sahibə Qafarova YAP-ın Lerikdə təşkil etdiyi “Yay məktəbi”ndə olub - FOTOSESSİYA

Millət vəkili gənclərlə diskussiyalarda iştirak edib


Ötən gün də xəbər verdiyimiz kimi, Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin (YAP GB) təşkil etdiyi "Liderliyə gedən yol" Yay məktəbinin ikinci qrupu öz işini Lerik rayonunda proqrama uyğun olaraq davam etdirir. SİA-ya verilən məlumata görə, rayonda "Yay məktəbi"nin ikinci günündə qrup rəhbəri, Yeni Azərbaycan Partiyasından Millət vəkili olan Sahibə Qafarovanın iştirakı ilə müxtəlif məsələlərə dair diskussiyalar aparılıb, çıxışlar edilib, təkliflər dinlənilərək qeydə alınıb, eyni zamanda, gənclərin asudə vaxtlarının səmərəli təşkili məqsədi ilə interaktiv oyunlar və əyləncə tədbirləri keçirilib.

Günün birinci hissəsində "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyası gənclərin nəzəri ilə" mövzusunda diskussiya keçirildi. Diskusiyaya məsul şəxs təyin edilən YAP-ın Yasamal Rayon Təşkilatının Gənclər Birliyinin sədri Bəxtiyar Nəbiyev iştirakçıları salamlayaraq bildirib ki, 2020-ci il konsepsiyası ümumi Azərbaycanın inkişafına planlaşdırılmış bir layihədir. Layihədə azərbaycanlı hər bir gənc fəal iştirak etməlidir. Bu günki gənclər hər bir müzakirəyə açıq olmalıdır. Çünki bizim ümumi məqsədimiz ölkəmizin gələcəyidir, hansı ki, bu gələcək sizlərindir".

Daha sonra Bəxtiyar Nəbiyev 2020-ci il konsepssiyası ilə bağlı çıxış üçün sözü YAP Ağdam Rayon Təşkilatının Gənclər Birliyinin sədri Amil Cavadova verib. Öz növbəsində A.Cavadov 2020-ci il konsepssiyasının Azərbaycanın gələcək inkişafında oynayacağı rolu qeyd edib: "Ölkəmiz böyük inkişaf tempi ilə dünyanın qabaqcıl ölkələrinin inkişaf səviyyəsinə catır. Bu bizim üçün çox önəmlidir. Mən istərdim ki, bu konsepssiyada Azərbaycanın beynəlxalq nəqliyyat sistemi öz əksini tapsın. Çünki, ölkənin beynəlxalq nəqliyyat imkanları bu sahənin inkişafına kifayət qədər imkan yaradır".

YAP Yasamal Rayon Gənclər Birliyinin sədr müavini Elməddin Əmirov isə 2020-ci ilin konsepssiyasının cəmiyyətin bütün təbəqələrinə böyük təsiri haqqında danışaraq vurğulayıb ki, haqqında danışılan konsepssiya dünyanın müasir tələblərinə uyğunluq, qloballaşma kimi ağır prosesləri nəzarətdə saxlamaqla və milli maraqların müdafiəsi qismində çıxış etməklə həyata keçirilməlidir. E.Əmirov onu da qeyd edib ki, Azərbaycanda Syasi Araşdırmalar Akademiyasının yaradılması vacib məsələlərdən biridir. Çünki, bu akademiyanın fəaliyyəti ölkəmizə qarşı yönəlmiş xarici qüvvələrin dövlətçiliyimizin maraqlarına zidd olan addımların müəyyənləşdirilməsi istiqamətində geniş işlər görəcəkdir.

Daha sonra isə gənc fəallar "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyası" ilə bağlı öz fikir və rəylərini bildiriblər.

Qeyd edilib ki, bəhs olunan Konsepsiyada inkişafın təməl istiqamətləri və prioritetləri müəyyənləşdirilib. Vurğulanıb ki, müəyyən edilmiş hədəflərə çatmaq üçün kifayət qədər potensial var. Ulu öndər Heydər Əliyevin gərgin əməyi sayəsində tərəqqinin təməli qoyulub, bu gün isə Prezident İlham Əliyevin uğurlu siyasəti sayəsində Azərbaycan dünyanın ən sürətli inkişaf tempinə malik ölkəsinə çevrilib.

Günün ikinci yarısında isə "İKT-nin müasir imkanlarından istifadə: sosial şəbəkələr" mövzusunda növbəti seminar-diskussiya keçirilib. Diskussiyaya məsul şəxs olan YAP gənclər fəalı İlqar Quliyev ilk olaraq Azərbaycan gənclərinin sosial şəbəkələrdə iştirakı və onlardan istifadə ilə bağlı dolğun məlumat verib. Bildirilib ki, bu gün sosial şəbəkələrdən, o cümlədən müxtəlif internet səhifələrindən gənclər tam səmərəli istifadə etmir. Daha sonra qrup rəhbəri, Yeni Azərbaycan Partiyasından millət vəkili olan Sahibə Qafarovanın iştirakı ilə Qarşılıqlı fikir mübadiləsi əsasında baş tutan diskussiyada İKT sektorunun inkişafının əhəmiyyətindən bəhs edilib, bu sahədə əldə edilmiş nailiyyətlər vurğulanıb, irad və təkliflərin isə qeydiyyatı aparılaraq onlarla bağlı müvaffiq işlərin aparılacağı bildirilib.

Diskussiyanın sonunda S.Qafarova yekun olaraq bildirib ki, bu gün ölkəmizdə İKT sektoru sürətlə yayılır və inkişaf edir: "Bu gün gənclər sosial mediadan səmərəli və milli maraqlara müvafiq surətdə istifadə etməklə həm özlərinin intellektual potensiallarını artırmalı, həm də cəmiyyətdə hökm sürən zərərli tendensiyaların aradan qaldırılmasına yardımçı olmalıdırlar".

Daha sonra gənc fəallar müxtəlif idman yarışları ilə günə yekun vurub.


Taleh Bağırov, "İki sahil", Lerik

Bütün xəbərlər Facebook səhifəmizdə