Qızılın parıltısı sizi aldatmasın

Qızılın parıltısı sizi aldatmasın

Aldığınız zinət əşyalarının sertifikatını tələb edin

Təbiətin ən nadir metalı, kimyəvi elementlərin başında duran qızıla hər zaman maraq və tələbat olub.

Bir qram qızıl əldə etmək üçün

Məlumdur ki, qızılın istehsalı böyük sərmayə vəsait tələb edən sahə olmaqla yanaşı, xammaldan hazır məhsul əldə olunana qədər olan əməliyyat uzun surən və mürəkkəb texnoloji prosesdir. Bir qram qızıl xammalı əldə etmək üçün təxmini hesablamalara görə 10 tona yaxın təbii süxur emal edilməlidir. Bir sözlə min-bir əziyyətlə başa gələn qızıla, zinət əşyalarına, dəbdəbəli zərgərlik məmulatlarına xanımlar xüsusilə meylli olurlar. Azərbaycanda da qızılı sevməyən xanım tapmaq sözsüz ki, çətindir. Bundan başqa bir çox insan da iqtisadi böhranda pullarını qorumaq üçün qızıl alır. Çünki qızıl həmişə dəbdə olan qiymətli zinət əşyası olmaqla yanaşı, həmişə öz dəyərini saxlayır. Bəs qızıl alanda haradan almaq və nəyə diqqət yetirmək lazımdır?

Saxta qızıl-zinət əşyaları harada satılır?

Etiraf etmək lazımdır ki, bu gün qızıl bazarlarında satışa çıxarılan zərgərlik məmulatlarının əksəriyyəti sertifikatsız satılır. Bu isə qızıl bazarına keyfiyyətsiz və saxta məhsulların ayaq açmasına səbəb olur, alıcılara saxta qızıl-zinət əşyaları satılır.

Azərbaycan Maliyyə Nazirliyinin Qiymətli Metallara və Qiymətli Daşlara Nəzarət Dövlət Xidməti tərəfindən bu ilin yanvar-iyun ayları ərzində həyata keçirilmiş əyar nəzarəti tədbirləri zamanı qiymətli metallardan, qiymətli daşlardan hazırlanmış və qanunvericiliyə zidd olaraq dövlət əyar damğası ilə damğalanmayan 31 426 ədəd zərgərlik məmulatları aşkar edilib. Bir çox hallarda həmin məmulatların üzərində mənşəyi məlum olmayan ad və əyar damğalarının izləri müəyyən olunub. Xidmət tərəfindən həkk olunmuş mənşəyi məlum olmayan ad və əyar damğalarının izləri məmulatlar üzərindən təmizlənib, məmulatlar əyarlarına uyğun dövlət əyar damğası ilə damğalanıb.

Aparılmış əyar nəzarəti tədbirləri zamanı Gəncə şəhərindəki Mərkəzi Univermaqda fəaliyyət göstərən 8 sahibkara və Gəncə şəhəri, Nizami küçəsində fəaliyyət göstərən iki sahibkara məxsus obyektlərdə yoxlamalar zamanı dövlət əyar damğası ilə damğalanmayan, standartlara cavab verməyən, üzərində göstərilmiş əyarlara uyğun gəlməyən məmulatların istehlakçılara təklif edilməsi faktlarına daha çox rast gəlinib. Belə ki, qeyd edilən obyektlərdə aparılan yoxlamalar zamanı satışda olan bütün məmulatların, yəni 6 847 ədəd zərgərlik məmulatlarının dövlət əyar damğası ilə damğalanmadığı müəyyən olunub. Alıcılara təklif edilən həmin zərgərlik məmulatlarının 46 faizinin əyarlarının, məmulatın üzərində qeyd edilən əyardan aşağı olması faktları aşkar edilib.

Bunlara diqqət edin!


Əslində satılan qızıl-zinət əşyalarının hər birinin sertifikatı olmalıdır. Sertifikatda isə məhsul haqqında bütün məlumatlar öz əksini tapmalıdır. Sertifikatsız qızıl məmulatı satmaq cinayət hesab olunur.

Mütəxəssislər bazarlarda saxta və keyfiyyətsiz zərgərlik məmulatları alarkən və sifariş verərkən diqqətli olmağı tövsiyə edir. Zərgərlər qızılın keyfiyyətini müəyyən edərkən ona bir sıra maddə qatırlar. Məsələn, zərgərlər qızıl götürəndə ona dərman çəkir və qızılı xüsusi çay daşına sürtür. Əgər daşda qızılın izi qaralırsa, deməli metal həddindən artıq keyfiyyətsizdir. Alıcılar qızıl alarkən ilk öncə əyarına baxmalıdırlar, alıcıda məhsulun keyfiyyətinə inamsızlıq yarananda isə haqqı var ki, daşa sürtmə üsulunu tələb etsin. Əgər mal sahibi bundan imtina edərsə, alıcıya belə halda həmin məmulatı almaq tövsiyə olunmur. Bundan başqa, qızılın əyarı onun xarici görünüşünə təsir edir. Alıcıların brilyant alarkən duzlu, ləkəli maldan uzaq durması məsləhətdir. Düzdür, Azərbaycanda alıcılar qızıl və brilyant alarkən ilk növbədə onun dizaynına diqqət edirlər. Avropa ölkələrində qara brilyant dəbdə olsa da, bu, Azərbaycan üçün xarakterik deyil. Çünki qara brilyant olduqca bahalıdır. Azərbaycanda brilyant almaq baha olduğu qədər də təhlükəlidir. Birjalarda satılan brilyantlara istehsalçı şirkət öz zəmanətini sertifikatla təsdiq edir, amma qızıl mağazalarındakı brilyantların bir çoxuna sertifikat verilmir. Qızıl satıcıları isə bunun səbəbini belə açıqlayır ki, üzərində istehsalçı firmanın sertifikatı olan zinət əşyalarının qiyməti 20-30 min manatdır. Bazarda da bu qiymətə mal alan alıcı qüvvəsi yoxdur. Hər kəs öz satdığı mala cavabdehdir. Amma elə mağazalar var ki, oradakı hər mala ayrıca sertifikat verilir. Amma bunlar əsasən brend marka sayılan və xaricdə istehsal olunanlardır.

Qeyd edək ki, Nazirlər Kabinetinin 2008-ci ildə təsdiqlədiyi qızıl və digər qiymətli əşyaların istehsalı və satışı ilə bağlı yeni qaydalara görə, ölkədə qızıl və digər qiymətli məişət əşyaları satışa çıxarmamışdan əvvəl Dövlət Əyar Palatası (DƏP) tərəfindən damğalanmalıdır.

Bütün xəbərlər Facebook səhifəmizdə