Lerikdə “Yay məktəbi”nin ikinci hissəsi başladı - FOTO

Lerikdə “Yay məktəbi”nin ikinci hissəsi başladı - FOTO
YAP-çı gənclər Ulu öndər Heydər Əliyevin rayon mərkəzində ucaldılan abidəsini ziyarət ediblər


Artıq bir neçə gündür ki, Yeni Azərbaycan Partiyasının təşkilatçılığı ilə Azərbaycanın dilbər guşələri olan Oğuz və Lerik rayonlarında gənclər üçün "Yay məktəbi" layihəsi çərçivəsində tədbirlər həyata keçirilməkdədir. SİA-nın verdiyi məlumata görə, artıq "Liderliyə gedən yol" Yay məktəbinin 1-ci mərhələsi ötən həftə başa çatıb.

Dünəndən isə layihənin ikinci mərhələsinə start verilib. Öz əhəmiyyəti ilə seçilən həmin tədbirlər çərçivəsində ümumi olaraq gənc nəslin nümayəndələri üçün müxtəlif mövzularda "dəyirmi masa"lar, diskussiyalar keçirilir, onların yerli gənc fəallarla görüşü təşkil olunur. Dünən başlanan ikinci mərhələdə yerli gənc fəallarla görüşdən sonar, günün ikinci yarısında partiyanın gənc fəalları "Yay məktəbi" layihəsi çərçivəsində Lerik rayonunun bir çox tarixi yerləri, qədim abidələri ilə yaxından tanış olublar. Onlar ilk öncə ulu öndər Heydər Əliyevin rayon mərkəzində ucaldılmış abidəsini ziyarət ediblər. Abidənin önünə gül dəstələri qoyan gənclər ulu öndərin xatirəsinə öz dərin ehtiramlarını bildiriblər.

Bundan sonra YAP-çı gənclər Lerik rayonunda yerləşən Heydər Əliyev Mərkəzini ziyarət edərək burada onlar ulu öndərin həyat və siyasi fəaliyyətini əks etdirən fotolarla tanış olublar. Eyni zamanda qonaqlara ulu öndər Heydər Əliyevin keçdiyi həyat yolu barədə ətraflı məlumat verilib. Gənclərin növbəti ziyarət yeri isə Lerik Rayon Uzunömürlülər Diyarı Mərkəzi və rayonun tarix muzeyi olub. İstirahət düşərgəsinə qayıdandan sonra gənclərin iştirakı ilə diskussiya təşkil edilib və müxtəlif məsələlərə dair fikir mübadilələri aparılıb.

Çıxış edən gənc fəallar bildiriblər ki, Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin hər il təşkil etdiyi "Yay Məktəbi" gənclərin bilik və bacarıqlarını artırmaq və nümayiş etdirmək üçün mühüm əhəmiyyət kəsb edir. YAP-ın gənclər siyasətinin əhəmiyyətinin vurğulandığı müzakirələrdə gənclərin partiya ətrafında sıx birləşdiyi qeyd edilib. Bildirilib ki, əsasını Ulu Öndər Heydər Əliyevin qoyduğu gənclər siyasəti Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir ki, bu da milli həmrəylik və bütövlüyə əhəmiyyətli töhfələr bəxş edir.

İctimai müzakirələrdə çıxış edən YAP-ın Ağdam rayon Gənclər Təşkilatının sədri Amil Cavadov bildirib ki, Gənclər Birliyinin təşkil etdiyi yay məktəbləri gənc fəalların yeni bilik və təcrübə qazanması baxımından xüsusi önəm daşıyır: "Qeyd etmək istəyirəm ki, yay məktəbi bizim asudə vaxtımızdan səmərəli istifadə etməyə imkan verir, eyni zamanda, bilik və bacarıqlarımızın inkişafına əlverişli şərait yaradır. Yay məktəbləri gənc fəalların aktivliyini artıran mühüm vasitədir. Bu layihə Yeni Azərbaycan Partiyası gənclərin ictimai-siyasi proseslərdə fəal təmsil olunmasına geniş imkan yaradır. Ümumiyyətlə YAP-ın həyata keçirdiyi uğurlu gənclər siyasəti nəticəsində milli maraqlarımızı prinsipiallıqla müdafiə edən, dövlətçiliyimizə sadiq intellektual gənclər yetişir. Yaratdığı bütün şəraitə və imkanlara görə, Yeni Azərbaycan Partiyasına dərin təşəkkürümü bildirirəm".

İctimai müzakirələrdən sonra proqırama uyğun olaraq şam yeməyindən sonra gənclərin iştirakı ilə interaktiv oyunlar, əyləncə xarakterli tədbirlər keçirilib. Ümumiyyətlə, qeyd edək ki, "Yay məktəb"ləri iki rayonda - Lerik və Oğuzda təşkil olunub. Ümumilikdə 600 gəncin bu tədbirlərdə iştirakı edəcəyi gözlənilir. Gənclərdən 200 nəfəri ölkənin ayrı-ayrı regionlardan, kənd rayonlarından, eləcə də Naxçıvan Muxtar Respublikasından, digər 400 nəfəri isə Bakıdan və Sumqayıt şəhərlərindən təmsil olunurlar.

Bütün xəbərlər Facebook səhifəmizdə