Vikipediyaçılar Vaşinqtonda görüşəcəklər

Vikipediyaçılar Vaşinqtonda görüşəcəklər

Bir neçə gündən sonra ABŞ-ın paytaxtı Vaşinqton şəhərində Vikimediya Fondunun təşkil etdiyi Vikimaniya konfransı başlayacaq. 2005-ci ildən bu yana hər il dünyanın müxtəlif şəhərlərində təşkil edilən illik konfransda Vikimediya Fondunun layihələrinin aktiv istifadəçiləri iştirak edəcəklər. Bu barədə SİA-ya Xəzər İntellektual Gənclər Klubunun sədr müavini, Azərbaycandilli Vikipediyanın idarəçilərindən biri və konfransda Azərbaycanı təmsil edəcək olan Elgün Atalıyev məlumat verib.

Onun sözlərinə görə, builki konfransın 12-15 iyul tarixlərində Vaşinqtonda keçirilməsi barədə qərar ötən il verilib və konfransda iştirak etmək üçün ərizələrin qəbulu bir neçə ay davam edib. Konfransa dəvət olunanların adları təşkilatçılar tərəfindən aprel ayında açıqlanıb.

Həmsöhbətimiz onu da qeyd etdi ki, Vikimediya Fondunun həyata keçirdiyi əsas layihələr arasında dünyanın ən böyük onlayn ensiklopediyası olan Vikipediya və həmçinin digər əlaqəli layihələr – Vikilüğət, Vikikitab, Vikisitat və s. populyar onlayn resurslar var və bu layihələrin hər birində adi internet istifadəçilərinin səyləri nəticəsində Azərbaycan dilində çoxsaylı məqalələr yaradılmışdır. Bu məqalələrin sayının artırılması və onların keyfiyyət göstəricisinin yüksəldilməsi hər bir vikipediyaçının əsas məqsədidir. Hazırda Vikipediyada Azərbaycan dilindəki məqalələrin sayı 88 mini ötüb. Ümumiyyətlə, bu onlayn ensiklopediya 285 dildə fəaliyyət göstərir və hal-hazırda burada 15 milyondan artıq məqalə yaradılmışdır.

Bütün xəbərlər Facebook səhifəmizdə