“İrəli” İctimai Birliyinin üzvləri İrana etiraz müraciəti ünvanlayıb
"İrəli" İctimai Birliyinin üzvləri İran İslam Respublikasının ali dini rəhbəri Ayətullah Seyid Əli Xamneiyə cari ilin mayın 2 – də İranda naməlum şəxslər tərəfindən saxlanılmış iki azərbaycanlı şairin – Şəhriyar del Geraninin və Fərid Hüseynin həbs edilməsinə etiraz olaraq müraciət ünvanlayıb. SİA-nın xəbərinə görə, müraciətdə deyilir: "Sizə ünvanlağımızın bu müraciət səbəbi Azərbayacan gəncliyinin bu ilinaprel ayının sonlarında İrana şeir festivalına dəvət edilən iki həmyerlimizin – gənc şairlər Şəhriyar Del Geraninin və Fərid Hüseynin taleyindən keçirdi dərin narahatçılıq və sonsuz həyəcanın nəticəsidir. Ötən vaxt ərzində Azərbaycanın müvafiq dövlət strukturlarının dəfələrlə iranlı həmkarlarına müraciət etmələrinə baxmayaraq, qarşı tərəfdən hələ də dolğun, əsaslandırılmış və müfəssəl cavabın alınmaması, həmçinin bir çox ziyalılarımızın göstərdikləri cəhdlərin nəticəsiz qalması, həbs edilmiş gənclərin valideynlərini ümidsizliyə qapanmağa vadar etdiyi kimi biz gəncləri də bədbinliyə düçar etmişdir.
İran-Azərbaycan münasibətlərinin ruhuna, tarixi köklərinə, həmçinin sizin və sələfiniz, İran İslam İnqilabının Ali Dini rəhbəri, mərhum Ayətullah Xomeyninin müsəlman həmrəyliyi haqqında yorulmadan təbliğ etdiyi amallara qətiyyən uyğun olmayan bu xoşagəlməz vəziyyət biz gəncləri şəxsən sizə üz tutmağa vadar etdi. Bu müraciət əslində heç bir siyasi məqsəd və mərama xidmət etmir və özündə minlərlə Azərbaycan gəncinin qəlbindən keçən fikirləri ehtiva etməkdədir. Sizə ünvanlanan sətirlərin səmimiliyi, dürüstlüyü və daşıdığı narahatçılıq ruhunun lazımi həssaslıqla qarşılayacağınıza zərrə qədər də şübhəmiz yoxdur. Həm sizin, həm də Azərbaycan xalqının ümumilli lideri Heydər Əliyevin də dəfələrlə qeyd etdiyi kimi İran və Azərbaycan xalqları minillərlə ölçülən birgə keçmişə, zəngin ortaq mədəniyyətə, ümumi dəyərlərə malik qonşu xalqlardır. Lakin təəssüflər olsun ki, müstəqilliyimizin ilk illərindən başlayaraq bir sıra dairələr tərəfindən məqsədli və ardıcıl şəkildə Azərbaycan-İran münasibətlərini korlamaq istiqamətində addımlar atılır. Təəssüf ki, İrandakı bəzi dairələr də qəsdən, yaxud bilməyərəkdən bu oyunların alətinə çevrilir, müsəlman həmrəylinin ruhuna zidd hərəkətləri ilə Azərbaycan dövlətçiliyini təhdid etməkdən çəkinmirlər. Sizin fətva və nitqlərinizdə dəfələrlə Qarabağı Azərbaycan torpağı adlandırmağınıza baxmayaraq hələ də İranın bəzi siyasi dairələri 1988-1994 – cü illər ərzində Ermənistanın Azərbaycana qarşı davam etmiş ədalətsiz işğalı zamanı əli minlərlə günahsız soydaşımızın qanına batmış cinayətkarları açıq-aşkar qardaş adlandırmaqdan çəkinmirlər. Bu dairələr tərəfindən Ermənistana hər vəchlə yardım göstərilir, işğalçı ölkənin ağır iqtisadi vəziyyətini yüngülləşdirmək istiqamətindəki cəhdlər isə səngimək bilmir. Halbuki Qarabağda, Xocalıda amansızlıqla qətlə yetirilmiş yüzlərlə günahsız insan etiqadca müsəlman, milli məınsubiyyət baxımından isə sizin kimi Azərbaycan türküdür. Erməni vandalları tərəfindən Qarabağ ərazisində dağıdılmış və yağmalanmış müsəlman memarlığının onlarla nümunəsi – məscidlər, pirlər, ziyaratəgahlar, türbələr və s. ümumiyyətlə nədənsə heç vaxt İslam həmrəyliyindən dəm vuranların yadına düşmür.
Azərbaycan dövlətinin daima İrana qarşı səmimi mövqe tutması, dəfələrlə öz ərazisini İslam Respublikasına qarşı ünvanlanmış təhdidlər üçün qapalı elan etməsinə baxmayaraq ölkənizdəki bəzi dairələrin təxribat xarakterli əməlləri hələ də davam etməkdədir. Bu yaxınlarda Bakıda keçirilmiş "Avroviziya" musiqi müsabiqəsi zamanı İranın bəzi dairələrinin göstərdikləri siyasi fəallıq bu silsilənin uğursuz davamı hesab edilməli idi. Günahsız Azərbaycan şairlərinin isə İranda mayın 2 – də baş vermiş həbsi isə səbrləri daşıran son damla oldu desək yanılmarıq. Xüsusən də bu şairlərin İran tərəfindən qonaq çağrıldığını nəzərə alsaq, vəziyyətin mahiyyəti tam şəkildə ortalığa çıxar. Hər halda qonağı həbs etmək, ona şər atmaq, ləkələmək və qabalıq göstərmək nə İslam əqidəsinə, nə İranda əsrlərdən bəri oturuşmuş qonaqpərvərlik adətinə, nə də ki ümumən insanlığa sığmayan hadisədir. Tarixən ədəbiyyat, söz və şair anlayışları istər İranda, istərsə də Azərbaycanda və Türk dünyasında əziz və mötəbər olmuşdur. Hökmdarlar onlara xüsusi qayğı göstərmiş, sadə insanlar isə sonsuz rəğbət bəsləmişlər. İran şairləri Azərbaycanda, Azərbaycan şairləri isə İranda daima sevilmiş, hörmət və nəzakət görmüşlər. Yəqin ki, ölkəmizdə Sədi Şirazi, Hafiz, Ömər Xəyyam, İranda isə Nizami, Füzuli, Sabir qədər oxunan əcnəbi şairlər tapmaq çətindir. Əsrlər boyunca İran və Azərbaycan gəncliyi Sədinin "Gülüstanı"- nı, Nizaminin "Xəmsə" – sini oxumaqla püxtələşmiş, kamillik mərtəbəsinə yetişmişdir. İran şair və sənətkarları daima türk dünyasının, o cümlədən Azərbaycanın görkəmli dövlət xadimləri tərəfindən qayğı ilə əhatə edilmiş, onların nəinki yazıb-yaratmaq imkanı qazanmaları, hətta sağ qalmaqları belə türklərin lütfkarlığı sayəsində mümkün olmuşdur. Səlcuq sarayında fəaliyyət göstərmiş Ömər Xəyyamı, Şirazda atabəylərinin himayəsi altında yazıb yaratmış Sədini, Əmir Teymurdan daima diqqət görən Hafiz Şirazini və digərlərini bu mənada yada salmaq tam yerinə düşərdi. Siz özünüz də yüksək savad sahibi, dərin şeir və ədəbiyyat bilicisi kimi bunları bilməmiş deyilsiniz. Ümumi tariximizi, ortaq dəyərlərimizi və bütün digər deyilənləri nəzərə alaraq sizdən həbs edilmiş iki gənc şairimizin taleyinə aydınlıq gətirilməsini təvəqqe edirik. 2500 illik dövlətçilik ənənələrinə malik İran kimi qədim bir dövlətin iki günahsız şairin ətrafında siyasi intriqa quracaq qədər alçaldığına inanmaq istəmirik və bunun əslində belə olmayacağına da əminik. Böyük insanların böyük əməl sahibləri olduqları kimi böyük dövlətlərin də nəcib davranış sahibi olmaları gərəkdir. İslam mərhəmət dinidir və dinimizin buyurduğu kimi öz qardaşının ağrılarına biganə qalan şəxs müsəlman adını daşımağa layiq deyil. Bir an belə unutmamalıyıq ki, biz bir coğrafiyanın insanlarıyıq və uca Allah tərəfindən əbədiyyən qonşuluğa məhkum edilmişik. Bu qonşuluğu səmimi münasibətə dostluğa çevirmək isə yalnız bizdən asılıdır. Sonda sizə böyük Sədinin "Bütün bəşəriyyət vahid vücuddur və həmin vücudun bir əzası əzab çəkdiyi zaman digərləri əsla rahatlıq tapa bilməz" sözləri ilə vida edir və mərhəmətinizi gənc şairlərimizdən, öz soydaşlarınızdan əsirgəməyəcəyinizə inandığımızı bildiririk\".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB