Moskvada rusdilli jurnalistlər üçün kurslar keçirilib

Moskvada rusdilli jurnalistlər üçün kurslar keçirilib

Moskvada "Rəqəmsal texnologiyalar bürosu" MMC-nin "Çexov Mərkəzi" Humanitar Fondunun dəstəyi ilə təşkil etdiyi "Melixovo" müasir rus dili və jurnalistikası illik kursları keçirilib.

Kurslarda Azərbaycanla yanaşı, Ukrayna, Özbəkistan, Tacikistan, Qazaxıstan, Qırğızıstan, Kanada və Finlandiyanın rusdilli jurnalistləri iştirak ediblər. Seminarın dinləyiciləri həm çap nəşrlərinin, həm də informasiya agentliklərinin əməkdaşları olublar. Ölkəmizi tədbirdə Azərbaycan Dövlət Teleqraf Agentliyi – AzərTAc-ın əməkdaşı Elşən Şahbalayev təmsil edib.

Kursların proqramına müasir rus dili, şəbəkə KİV-ləri, müasir şəbəkə media texnologiyaları, energetika təhlükəsizliyi barədə mühazirələr daxil edilib. Tədbir iştirakçıları energetika, geosiyasət, kütləvi kommunikasiya vasitələri sahələrində Rusiya ekspertləri ilə görüşmək, fikir mübadiləsi aparmaq imkanı əldə ediblər. Jurnalistlərə görkəmli rus yazıçısı A.Çexovun yaradıcılığı barədə mühazirə oxunub. Bundan əlavə, kurslar çərçivəsində dinləyicilər A.Çexovun Moskva ətrafındakı Melixovo kəndində yerləşən ədəbi-memorial muzey-qoruğu ilə də tanış olublar. Kurslar çərçivəsində "gramota.ru" arayış-informasiya portalının fəaliyyəti ilə tanışlıq da maraqlı olub. İştirakçılar portalın bölmələri, məlumatlar, mətnlərin yoxlanma sistemi, yeniliklərlə yaxından tanış olublar.

Seminarın sonunda jurnalistlərə müasir rus dili və jurnalistika kurslarını bitirmələri barədə diplom təqdim edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə