Elçin Əlibəyli \'İRƏLİ\' Yeni Media Akademiyasının qonağı olub

"İRƏLİ" Yeni Media Akademiyası layihəsinin tələbələri tanınmış jurnalist, Publika.az

portalının baş direktoru Elçin Əlibəyli ilə görüşüblər. SİA-nın xəbərinə görə, tanınmış jurnalist, tələbələrlə səmimi söhbət edərək, onların suallarını cavablandırıb.


Qonaq Azərbaycan televiziyalarının bugünkü vəziyyəti haqda danışarkən deyib: "Bu gün

televiziya sahəsində işləmək çox çətindir. Buna səbəb televiziya aləmində qeyri-peşəkar

insanların çoxluq təşkil etməsidir. Belə hallar məni çox təəssüfləndirir. Düşünürəm ki, efir

məkanında peşəkarlıq artmalıdır, bunun üçün televiziya akademiyasının olması mütləqdir".


Elçin Əlibəyli gənclərin daha bilikli olduğunu deyib: "Siz çox xoşbəxtsiz ki, müstəqil

ölkənin müstəqil, azad fikirli gənclərisiniz. Sovet dönəmində jurnalistikaya gəlmək, özünü sübut etmək çox çətin idi. O vaxt şərait yox idi. Ancaq indi hər şey asanlaşıb. 21-ci əsr informasiya texnologiyaları əsridir. Bu səbəbdən əminliklə deyə bilərəm ki, indiki gənclər bizim dövrün gənclərindən çox ağıllı, bilikli, məlumatlıdırlar. Mən özüm də gənclərdən çox şey öyrənirəm".


Qonaq gənc jurnalistlərə peşəkar olmağı arzulayıb: "Çalışın işinizin peşəkarı olasınız.

Əmin olun ki, peşəkar insana hər zaman tələbat var. Əgər işinizi bacarsanız heç kim sizə mane ola bilməyəcək".


Daha sonra Elçin Əlibəyli jurnalistika sahəsində müəllifi olduğu kitablar haqda gənc

jurnalistlərə məlumat verib. Görüş "Yeni Media Akademiya" tələbələrinin sualları ilə davam edib.

Bütün xəbərlər Facebook səhifəmizdə