Avropa İttifaqı Şurasının prezidenti Bakının qədim hissəsi ilə tanış olub

Avropa İttifaqı Şurasının prezidenti Bakının qədim hissəsi ilə tanış olub

Avropa İttifaqı Şurasının prezidenti Herman Van Rompuy Azərbaycana səfəri çərçivəsində Bakının qədim hissəsi ilə tanış olub. "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin mətbuat xidmətindən SİA-ya verilən məlumata əsasən, qonağı idarənin rəisi Mikayıl Cabbarov qarşılayaraq İçərişəhərlə tanış edib.

Qonağın İçərişəhərdə gəzintisi Qız Qalası ilə tanışlıqdan başlayıb. Bakının simvolu olan əzəmətli Qız Qalasının tarixi, həmçinin yaxınlığında yerləşən Sıratağlı dini-memarlıq kompleksinin ərazisindəki müxtəlif tarixi dövrlərə aid olan daş ekspozisiya barədə məlumat qonağa təqdim edilib. Gəzinti Azərbaycanın geniş tarixi iqtisadi və mədəni əlaqələrindən xəbər verən, ölkə əhəmiyyətli abidələr – Buxara və Multanı Karvansaraları ilə tanışlıqla davam edib. Kiçik Qala küçəsində cənab Herman Van Rompuy Azərbaycan milli mətbəxinin ləziz nümunəsi olan təndir çörəyinin dadına baxıb.

Daha sonra qonağın diqqətinə ortа əsr şərq mеmаrlığının şаh əsəri olan "Şirvanşahlar Sarayı Kompleksi" barədə dolğun məlumat çatdırılıb. Sonda qonaq İçərişəhərin Fəxri qonaqlar kitabında ürək sözlərini qeyd edib.

Bütün xəbərlər Facebook səhifəmizdə