YAP Gənclər Birliyinin Yay məktəbi Oğuz rayonunda öz işini davam etdirir

YAP Gənclər Birliyinin Yay məktəbi Oğuz rayonunda öz işini davam etdirir

Xəbər verildiyi kimi, iyul ayının 2-də Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin (YAP GB) təşkil etdiyi "Liderliyə gedən yol" Yay məktəbi öz işinə başlayıb. Məktəb çərçivəsində gənc fəallar Oğuz rayonunda da olublar.


SİA-nın verdiyi məlumata görə, rayonda yay məktəbinin dördüncü günündə gənc fəallar Ümummilli lider Heydər Əliyevin Oğuz şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət edib, önünə gül dəstəsi qoyublar. Daha sonra isə Heydər Əliyev mərkəzi ziyarət edilib.


Günün ikinci yarısında gənc fəallar Şəki şəhərinə səfər ediblər və Mədəniyyət və turizm nazirliyinin nəzdindəki "Yuxarı Baş" Tarix-Memarlıq Qoruğu və Şəki Xan Sarayında olublar. Burada gənc fəallara zəruri biliklər verilib.


Günün sonunda isə müxtəlif interaktiv oyunlar və əyləncə tədbirləri keçirilib.


Yeri gəlmişkən, yay məktəbində iştirak edən gənclər də məktəbin işini, təşkil olunma səviyyəsini, aparılan diskussiyaları olduqca yüksək səviyyədə qiymətləndirirlər. Məsələn, Arzu Quliyeva qeyd edib ki, YAP Gənclər Birliyinin təşkil etdiyi yay məktəbləri gənc fəalların yeni bilik və təcrübə qazanması baxımından xüsusi önəm daşıyır. "Qeyd etmək istəyirəm ki, yay məktəbi bizim asudə vaxtımızdan səmərəli istifadə etməyə imkan verir, eyni zamanda, bilik və bacarıqlarımızın inkişafına əlverişli şərait yaradır. Bunun üçün Yeni Azərbaycan Partiyasına dərin təşəkkürümü bildirirəm. YAP həqiqətən də, gənclərin hamisidir",- deyə Arzu Quliyeva vurğulayıb.


"YAP Gənclər Birliyi sağlam düşüncəli gəncləri öz ətrafında birləşdirir. Bu gün gənclər cəmiyyətimizin dinamik təbəqəsi kimi ictimai-siyasi proseslərdə fəal təmsil olunurlar. Bu isə həyata keçirilən səmərəli gənclər siyasəti nəticəsində mümkün olub. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən səmərəli gənclər siyasəti olduqca təqdirəlayiqdir. Mən deyərdim ki, Prezident İlham Əliyev həm də hər bir gəncin prezidentidir". Bunu isə Pirmurad Bəndəliyev deyib.


"Biz yay məktəbi çərçivəsində diskussiyalarda iştirak edirik, interaktiv oyunlar keçiririk və sıx əlaqələr qurmuşuq",-deyən Mətləb Xankişiyevin sözlərinə görə isə, bu məktəb gənclərin fərdi keyfiyyətlərinin inkişafına, biliklərinin artmasına əhəmiyyətli töhfələr verir. Buna görə bir gənc kimi Yeni Azərbaycan Partiyasına minnətdar olduğumu bildirirəm.


Natiq İsmayilovun isə sözlərinə görə, yay məktəbləri gənc fəalların aktivliyini artıran, asudə vaxtının səmərəli təşkil olunmasını mümkün edən mühüm vasitədir: "Yeni Azərbaycan Partiyası gənclərin ictimai-siyasi proseslərdə fəal təmsil olunmasına geniş imkan yaradır. YAP-ın həyata keçirdiyi uğurlu gənclər siyasəti nəticəsində milli maraqlarımızı prinsipiallıqla müdafiə edən, dövlətçiliyimizə sadiq intellektual gənclər yetişir".


NURLAN

Bütün xəbərlər Facebook səhifəmizdə