Masallı rayon icra hakimiyyəti başçısının səyyar qəbulu Güllütəpə kəndində keçirilib. Güllütəpə ərazisi Güllütəpə, Yeni Zuvand, Yolağac, Tatyanoba, Əmirtürbə və Köhnə Zuvand yaşayış məntəqələrini əhatə etməklə rayon mərkəzindən 14 km məsafədə yerləşir. SİA-nın verdiyi məlumata görə, ərazinin 6748 nəfər əhalisi və 1523 ha torpaq sahəsi var. Həmçinin ərazidə 2 tam orta məktəb, 4 ümumi orta məktəb, 1 həkim məntəqəsi, 2 tibb məntəqəsi, 4 kənd klubu, 6 kənd kitabxanası, 1 poct və 1 EATS fəaliyyət göstərir. 1450 təsərrüfatda 4277 baş iribuynuzlu və 4978 baş xırdabuynuzlu mal-qara var.
Masallı rayon icra hakimiyyəti başçısının Güllütəpə ərazi nümayəndəliyində təşkil olunmuş görüşü Masallı rayon icra hakimiyyətinin başçısı Rafil Hüseynov açaraq ərazi sakinlərini salamlayıb, ölkəmizdə həyata keçirilən tikinti quruculuq işləri barədə ətraflı məlumat verib. Prezident İlham Əliyevin regionlara, o cümlədən Masallı rayonuna diqqətini nəzərə çatdırıb, rayonda görülən işlərlə bərabər Güllütəpədə də həyata keçirilən tədbirləri qeyd edib. Sonra ərazi sakinlərindən onları narahat edən, həlli vacib olan məsələlər barədə məlumat vermələrini xahiş edib.
Ərazi ağsaqqallarından Mirsail Mütəllimov, Eynulla Abbasquliyev, Alxas Əhədov, ziyalı Sevil Ağammədova və başqaları çıxış edərək Yolağac kəndində yeni məktəb binasının tikintisinə, Köhnə Alvadı – Güllütəpə yolunda 3 km məsafədə asfalt vurulmasına, kəndarası yolların bəzi hissəsinə çınqıl döşəməsinə, Əmirtürbə kəndində çay üzərində körpü salınmasına, yeni istirahət mərkəzinin inşasına başlanılmasına görə, ölkə Prezidenti möhtərəm İlham Əliyev cənablarına minnətdarlıqlarını bildiriblər.
Sakinlər sonra təkliflərini bildirərək əraziyə mavi qazın verilməsinə, Güllütəpədə həkim məntəqəsinin tikintisinə, Yolağac – Köhnə Zuvand yolunun təmirinə, bir sıra elektrik dirəklərinin dəyişdirilməsinə köməklik göstərilməsini xahiş ediblər.
Masallı rayon icra hakimiyyətinin başçısı Rafil Hüseynov görüşü yekunlaşdıraraq verilən təkliflərin tədricən həll olunmasına köməklik göstəriləcəyini bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB