Qənirə Paşayeva Nyu-Yorkda türkiyəli nazirlə görüşüb

Qənirə Paşayeva Nyu-Yorkda türkiyəli nazirlə görüşüb

ABŞ-da səfərdə olan millət vəkili, Azərbaycan-Türkiyə Parlamentlərarası Dostluq qrupunun üzvü, Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İB-nin sədri Qənirə Paşayeva BMT-də ECOSOC-un Yüksək Səviyyəli Toplantısı çərçivəsində Türkiyənin Çalışma ve Sosyal Güvenlik naziri Faruk Çeliklə görüşüb. SİA-ya verilən məlumata görə, Azərbaycanın BMT Təhlükəsizlik Şurasının qeyri daimi üzvlüyünün və bir dönəm təşkilata sədrlik etməsinin böyük bir uğur olduğunu söyləyən Faruk Çelik qardaş Türkiyənin Azərbaycanın uğurlarına hər zaman sevindiyini və əlindən gələn dəstəyi hər zaman əsirgəməyəcəyini bildirib.

Azərbaycanın da hər zaman qardaş Türkiyənin yanında olduğunu deyən millət vəkili Qənirə Paşayeva isə bildirib ki, Azərbaycanın BMT Təhlükəsilik Şurasının qeyri daimi üzvü şeçilməsi və fəaliyyəti Azərbaycanla bərabər Türkiyənin də maraqlarının müdafiə olunacağı deməkdir. Azərbaycanın bütün istiqamətlərdə getdikcə daha da inkişaf etməsindən sevindiklərini deyən Türkiyənin Çalışma ve Sosyal Güvenlik naziri Faruk Çelik iki ölkə arasında bütün sahələrdə münasibətlərin daha da inkişafından məmnunluğunu söyləyib. Millət vəkili, Azərbaycan-Türkiyə Parlamentlərarası Dostluq qrupunun üzvü Qənirə Paşayeva ümummilli lider Heydər Əliyevin Azərbaycan və Türkiyə bir millət iki dövlətdir fikirini qeyd edərək Azərbaycanın da daim qardaş Türkiyənin yanında olduğunu deyib.


"Türkiyə nə qədər güclənərsə, Azərbaycan o qədər güclənmiş deməkdir. Azərbaycan nə qədər güclənərsə, bu, Türkiyənin gücü deməkdir. Azərbaycan və Türkiyə bu bölgənin getdikcə böyüyən gücləridir və Azərbaycan hər zaman qardaş Türkiyənin güclənməsinə və ugurlarına sevinir", - millət vəkili deyib.


Yaxın günlərdə Bakıya səfər edəcəyini deyən Türkiyənin Çalışma ve Sosyal Güvenlik naziri Faruk Çelik rəhbərlik etdiyi sahədə də Azərbaycanla əməkdaşlığın daha da inkişafına böyük önəm verdiyini deyib və bu istiqamətlərdə əməkdaşlığın daha da genişlənəcəyini bildirib. Azərbaycan həm də sizin vətəninizdir deyən millət vəkili Qənirə Paşayeva Faruk Çeliyi Azərbaycanda görməkdən Azərbaycan türklərinin hər zaman məmun olduğunu söyləyib. Görüş zamanı bir sıra məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə