Millət vəkili Azərbaycan Assosiasiyasının prezidenti ilə görüşüb

Millət vəkili Azərbaycan Assosiasiyasının prezidenti ilə görüşüb

ABŞ-da səfərdə olan millət vəkili, Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İB-nin sədri Qənirə Paşayeva Nyu-Yorkun Azərbaycan Assosiasiyasının prezidenti Əli Nəsibovla görüşüb. SİA-nın verdiyi məlumata görə, görüş zamanı millət vəkili bildirib ki, dünyanın hər yerində, o cümlədən ABŞ-da, Nyu-Yorkda yaşayan azərbaycanlılar və bütün Türk əsilli insanlarımız Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında törətdiyi vandalizm aktlarını, soyqırımları, Azərbaycan həqiqətlərini yaşadıqları ölkələrin ictimaiyyətinə və beynəlxalq ictimaiyyətə daha geniş çatdırılması və qondarma "erməni soyqırımı" yalanlarının qarşısının alınması istiqamətində səylərini daha da artırmalıdırlar.


ABŞ-da harada doğulmasından asılı olmayaraq minlərlə azərbaycanlının yaşadığını vurğulayan millət vəkili bunun çox böyük bir güc olduğunu və səsimizin Amerika ictimaiyyətinə daha geniş çatdıra bilməyimiz üçün böyük bir potensial olduğunu və səylərin birləşdirilməsinin və gücləndirilməsinin vacibliyini bildirib.


Nyu-Yorkda Azərbaycan diaspor təşkilatlarından biri olan Nyu-Yorkun Azərbaycan Assosiasiyasının prezidenti Əli Nəsibov bu istiqamətdə görülən işlər, əldə edilən müəyyən nəticələr və nəzərdə tutulan planlar barədə millət vəkilinə məlumatlar verib, ətraflı fikir mübadiləsi aparılıb. O, Azərbaycan həqiqətlərinin yayılması, Azərbaycan mədəniyyətinin ABŞ cəmiyyətinə daha geniş çatdırılması və təbliği istiqamətində səylərini və gördükləri işləri bundan sonra daha da artırmaq niyyətində olduqlarını bildiriblər. O, millət vəkili ilə görüşdə bu istiqamətdə həyata keçirməyi planlaşdırdıqları layihələr barədə məlumatlar verib, təkliflərini səsləndirib və onların həyata keçirilməsi istiqamətində fikir mübadiləsi aparıb. Görüşdə Beynəlxalq Avrasiya Mətbuat Fondunun prezidenti Umud Rəhimoğlu da iştirak edib, öz fikir və təkliflərini səsləndirib və rəhbərlik etdiyi qurumun Nyu-Yorkun Azərbaycan Assosiasiyası ilə hərtərəfli əməkdaşlığa hazır olduğunu deyib.

Bütün xəbərlər Facebook səhifəmizdə