23 iyun 2012-ci il, saat 01:00 radələrində Dövlət Sərhəd Xidmətinin (DSX) əməkdaşları tərəfinən qaçaqmalçılığa qarşı mübarizə sahəsində uğurlu tədbir həyata keçirilib. SİA-nın DSX-nın mətbuat xidmətindən aldığı məlumara görə, Dövlət Sərhəd Xidməti Sahil Mühafizəsinin "Astara" Texniki Müşahidə Məntəqəsi tərəfindən Xəzər dənizinin Azərbaycan Resbublikasına mənsub olan bölgəsində naməlum hədəf aşkar olunaraq saxlanılıb.
Hədəfin saxlanılması məqsədi ilə Sahil Mühafizəsinin hərbi qulluqçuları sərhəd gözətçisi kateri ilə hərəkət edərək 3 nəfərdən ibarət qayığı aşkar edib. "Dayan" komandasına məhəl qoymayan qaçaqmalçıları saxlamaq və qayığın mühərrikini sıradan çıxarmaq üçün qayıq istiqamətində atəş açılıb və mühərriklərin sıradan çıxması nəticəsində sərhəd pozucuları yaxalanıb.
İlkin araşdırma zamanı müəyyən olunub ki, saxlanılan şəxslər-İran İslam Respublikası vətəndaşları 1971-ci il təvəllüdlü Lotfollahi Kömərz Fərəməz oğlu, 1961-ci il təvəllüdlü Huzuri Rəsul Fərzulla oğlu və 1971-ci il təvəllüdlü İmampur Kuruş Zeydulla oğlu qabaqcadan əlbir olaraq həmvətənliləri 1981-ci il təvəllüdlü Zarei Rasoul Navid oğlu və şəxsiyyəti istintaqa məlum olmayan Nəriman Səmai adlı şəxsin təşkilatçılığı ilə Azərbaycandan spirtli içkiləri qanunsuz aparmaq məqsədi ilə "Layner" tipli "Yamaha 200" mühərrikli qayıqla Azərbaycana rəsmi yolla gələn Zarei Rasoul Navid oğlu ilə görüşüb qaçaqmalı qəbul edib İrana aparmaq istəyiblər.
Hadisə yerindən qaçaqmalçılara məxsus külli miqdarda müxtəlif növ spirtli içkilər, GPS cihazı, mobil telefonlar aşkar edilərək götürülüb.
Faktla bağlı Dövlət Sərhəd Xidmətinin İstintaq və Təhqiqat İdrəsi tərəfindən Azərbaycan Respublikası CM-nin müvafiq maddələri ilə cinayət işi başlanılıb, saxlanılan şəxslərə ittiham elan olunub və barələrində məhkəmə tərəfindən "həbs" qərarı çıxarılıb.
Cinayətin digər iştirakçılarının aşkar olunub cinayət məsuliyyətinə cəlb olunmaları istiqamətində istintaq-əməliyyat tədbirləri həyata keçirilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB