Xəzər İGK-da mövsümün son çempionları müəyyənləşdi

Xəzər İGK-da mövsümün son çempionları müəyyənləşdi

Xəzər İntellektual Gənclər Klubunda 37-ci dövrə yekunlaşıb. SİA-nın xəbərinə görə, bu, mövsümün sonuncu dövrə oyunu olub. Son oyun günündə "Xəzər"lilər iki ardıcıl tur oynamalı olublar. Bu turların nəticəsində həm yüksək, həm də ikinci liqanın qalibləri müəyyənləşib. Dövrənin dördüncü turu "Təşkilati-Mahsusa" komandasının aparıcılığı ilə baş tutub.

Ötən turların da şəksiz lideri olmuş "Avanqard" komandası bu dəfə də ən yüksək nəticə ilə yadda qaldı. İkinci liqada isə ən yüksək nəticə "Advocate" komandasına məxsus olub. Sonuncu – həlledici turun aparıcısı bu ana qədər parlaq çıxışı ilə yadda qalmış "Avanqard" komandası idi. Gərgin mübarizə ilə yadda qalmış oyunun nəticəsində ilk iki yeri eyni sayda suala doğru cavab vermiş "Vendetta" və "Sakit" komandaları tutub. Lakin bu nəticə onlara dövrə çempionu olmaq üçün kifayət etməyib. Belə ki, 37-ci dövrənin qalibi adına "Avanqard" komandası layiq görülüb.

İkinci liqada isə bu turda da "Advocate" komandasının üstünlüyü hiss olunub. Son nəticədə ən çox xal toplamış bu komanda ikinci liqanın qalibi kimi növbəti dövrə oyununda yüksək liqada çıxış etmək şansı əldə edib.

Xatırladaq ki, Xəzər İGK GRBS şirkəti ilə əməkdaşlıq edir. Dövrə oyunlarının qalibləri GRBS-in təşkil etdiyi xarici dil kurslarında pulsuz iştirak hüququ qazanırlar. Növbəti oyunlar dövrəsi sentyabr ayında start götürəcək. Buna qədər isə "Xəzər"lilər boş oturmaq fikrində deyillər. Belə ki, qarşıda klub üzvlərini Azərbaycan İntellektual Oyunlar Federasiyasının dəstəyi ilə keçiriləcək Xəmsə üzrə Azərbaycan Çempionatı və İntellektual Çoxnövçülük üzrə Azərbaycan kuboku gözləyir.

Bütün xəbərlər Facebook səhifəmizdə