Ağsuda qızıl dəfinəsi aşkar edilib

Ağsuda qızıl dəfinəsi aşkar edilib

AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun Ağsu arxeoloji ekspedisiyası 2010-cu ilin mart ayından başlayaraq Orta əsr Ağsu şəhər yerində tədqiqat işləri aparır. SİA-nın xəbərinə görə, AMEA Arxeologiya və Etnoqrafiya İnstitutu Ağsu arxeoloji ekspedisiyasının rəisi, tarix elmləri doktoru Qafar Cəbiyevin rəhbərlik etdiyi ekspedisiya bu günədək 15000 kv.m.-ə qədər sahəni arxeoloji cəhətdən öyrənməklə, Azərbaycanın son orta əsrlər tarixinə dair çoxsaylı nadir maddi-mədəniyyət nümunələri aşkara çıxarıb.

VII qazıntı sahəsi adlandırılan ərazidə qazıntı işləri davam etdirərkən bir-birinin yaxınlığında səpələnmiş vəziyyətdə olan qızıl sikkə nümunələrindən ibarət dəfinə aşkara çıxıb. Elmi heyətin nəzarəti altında sahə təmizləndikdən sonra sikkələr ekspedisiya rəhbərliyi tərəfindən yerindəcə aktlaşdırılaraq götürülüb. Sikkələrin ümumi sayı 37 ədəddir. Onlardan bir ədədi 1781, bir ədədi 1786, üç ədədi 1787, bir ədədi 1796, otuz bir ədədi isə 1800-cü ildə zərb olunub. Aşkar olunmuş qızıl sikkələrin demək olar ki, hamısı yaxşı vəziyyətdədir. Dəfinəyə daxil olan sikkələr Holland istehsalı olan qızıl dukatlardır. Sikkələrin əyarı 986, diametri 21,8 mm, qalınlığı 1,3 mm, leqal çəkisi 3,49 qr., forması dairəvi, kənarı döyülmüş, üzəri zərb olunub.

Sikkələrin aversində latın dilində yazısı olan ornamentli kvadrat lövhə vardır. Üzərində qısa olaraq "MO.ORD.PROVIN.FOEDER.BELG.AD.LEG.IMP." yazılıb. Yazının latın dilində açılışı belədir: "MOneta ORDinum PROVINciarum FOEDERatorum BELGicarum AD LEGem IMPerii". Yazı belə tərcümə olunur: "İmperiya qanununa uyğun olaraq Belçika Əyalət Federasiyası hökümətinin sikkəsidir".

Analoji sikkə nümunələri XVIII əsrdə dünyanın ən müxtəlif ölkələrində geniş yayılmışdır. Mütəxəssislərin fikrincə, o dönəmdə Holland qızıl dukatları öz əhəmiyyəti etibarilə bugünkü ABŞ dolları mahiyyətində idi.

Ekspedisiya rəhbərliyi iki gün ərzində ilkin zəruri tədqiqat işlərini başa çatdıraraq, 25 iyun 2012-ci il tarixdə dəfinəni AMEA Milli Azərbaycan Tarixi Muzeyinə təhvil verib. Ağsu arxeoloji ekspedisiyası dəfinə ilə bağlı tədqiqatları davam etdirir.

Bütün xəbərlər Facebook səhifəmizdə