Tayvan Demokratiya Fondu Azərbaycana maraq göstərir

Tayvan Demokratiya Fondu Azərbaycana maraq göstərir

"Sumqayıt Gənclərinin Hüquqi Maarifləndirilməsi" İctimai Birliyi (SGHMİB) "Azərbaycanın regionlarında media azadlığının inkişafına dəstəyin verilməsi" layihəsinin icrasına başlayıb. SİA-nın xəbərinə görə, bu barədə birliyin vitse-prezidenti Elşən Ağabəyli jurnalistlərə açıqlamasında məlumat verib. Onun sözlərinə görə, Tayvan Demokratiya Fondunun dəstəyilə həyata keçiriləcək layihə ilkin mərhələdə Lənkəran və Sumqayıt şəhərlərində icra olunacaq və media-məmur münasibətləri, bu istiqamətdə əməkdaşlıqları əhatə edəcək. E.Ağabəyli onu da bildirib ki, layihə çərçivəsində regionlarda yerli bələdiyyə, hakimiyyət və polis orqanlarının iştirakı ilə seminarlar keçiriləcək.

"Seminarlar zamanı Bələdiyyə-Media, Hökumət-Media, Polis-Media, Məmur-Media münasibətləri, həmçinin İnsan hüquqları nədir?, Ədalətli cəmiyyət, Hüquq bərabərliyi, Ayrı seçkilik, İnformasiya əldə etmək hüququ, Azadlıq və şəxsi toxunulmazlıq hüququ, Fikir, vicdan, və din azadlığı hüququ, Sərbəst toplaşmaq hüququ, Seçki hüququ, Münaqişələrin yaranması səbəbləri, Sülh mədəniyyəti, Liderlik bacarığının artırılması, İnsan hüquqları üzrə beynəlxalq hüquqlar, İnsan hüquqları üzrə milli mexanizimlər üzrə məruzələr dinləniləcək. Məruzələr ətrafında çıxışları bu sahələr üzrə təcrübəli ekspertlər təşkil edəcək".

Layihə fəaliyyəti zamanı hakimiyyətlə geniş əməkdaşlıq ediləcəyinə diqqət çəkən birliyin rəsmisi məhkəmə hakimlərinin də layihə icrasına cəlb olunacağını bildirib. E.Ağabəyli həmçinin, deyib ki, təşkil ediləcək seminarlarda yerli bələdiyyə, hakimiyyət və polis orqanları da iştirak edəcək. SGHMİB-nin vitse-prezidenti onu da vurğulayıb ki, layihə çərçivəsində jurnalistlər üçün yaddaş kitabçaları da hazırlanacaq: "Kitabçada media və onların qanuni fəaliyyətinə mane olmağın hüquqi məsuliyyətini nəzərdə tu-tan milli qanunvericilikdən çıxarışlar və beynəlxalq təşkilatların Azərbaycanda media azadlığına çağıran tövsiyələri əks olunacaq. Yaddaş kitabçaları regionların media qurumlarına, jurnalistlərə, universitetlərin tələbələrinə, kitabxanalarına, regionlarda fəaliyyət göstərən QHT-lərə və Resurs Mərkəzlərinə paylanacaq. Yaddaş kitabçaları birliyin hüquqşünasları tərəfindən hazırlanacaq".

Bütün xəbərlər Facebook səhifəmizdə