Əli Həsənov: “QHT-lərə qrant paylanması prosesində hakimiyyət iştirak etmir”
QHT nümayəndələri ilə keçirilən görüşdə 34 çıxış oldu, 80-dən artıq təklif səsləndirildi. Bu təkliflər tərəfimizdən ümumiləşdiriləcək, qruplaşdıracaq və QHT-lərə Dövlət Dəstəyi Şurası ilə birlikdə müzakirə olunacaq. Təkliflər müvafiq olaraq sahələrə yönəldiləcək. SİA-nın məlumatına görə, bu açıqlamanı jurnalistlərə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına (QHT) Dövlət Dəstəyi Şurasının "Vətəndaş cəmiyyətinin möhkəmləndirilməsində QHT-hökumət dialoqu" mövzusunda tədbirindən sonra Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov verib. O, qeyd edib ki, səslənən təkliflər əsasən qanunvericilik təşəbbüsü, sosial fəaliyyət, təşkilatı məsələlər, qrantların verilməsi, QHT-lərin fəaliyyətinin dəyərləndirilməsi, QHT-dövlət münasibətlərinin tənzimlənməsi ilə bağlıdır.
Ə. Həsənov bildirib ki, tədbir 100-ə yaxın QHT nümayəndəsinin iştirakı ilə keçirilib və çox effektiv müzakirələr aparılıb: "Görüşdə Azərbaycan cəmiyyətinin bütün məsələlərinə toxunuldu. QHT-lərin cəmiyyətdə şəffaflığın təmin olunmasında, daxili və xarici siyasətin dəstəklənməsində rolu, hakimiyyətin bu sahədə onlara yarada biləcəyi imkanlar, QHT-lərin formalaşdırılması, qeydiyyatı, fəaliyyətinin təşviq olunması və digər məsələlərə də toxunduq. Demək olar ki, hakimiyyət nümayəndəsi olaraq əksər məsələlərdə onların təkliflərinin konstruktiv olduğunu qeyd etdim".
Ə. Həsənov qeyd edib ki, görüşdə qaldırılan əksər məsələlər hakimiyyətin siyasəti ilə tam üst-üstə düşür: "Onların qaldırdığı məsələlər eyni zamanda hakimiyyətin arzu və istəyinə uyğundur. Çünki vətəndaş cəmiyyəti quruculuğu Azərbaycan dövlətinin siyasətinin əsasını təşkil edir. QHT-lər dövlət və hakimiyyət orqanları ilə bərabər Azərbaycan cəmiyyətinin həyatının ayrı-ayrı sahələri ilə məşğul olmalıdırlar. QHT-lərin fəaliyyəti vətəndaş təşəbbüslərinə söykənir, bu fəaliyyət insan hüquqlarının qorunmasına yönəlib və bu səbəbdən biz bu fəaliyyəti dəstəkləyirik".
PA rəsmisi aparılan dialoqun bundan sonra da davam etdiriləcəyini söyləyib: "Razılaşdıq ki, QHT nümayəndələri ilə görüşlər və dialoqlar davamlı olsun, gələcəkdə konkret istiqamətlər üzrə fəaliyyət göstərən QHT-lərlə ayrıca görüş keçirilsin. Mən də bu görüşlərə razılıq verdim".
Ə. Həsənov bəzi təşkilatların qrantların verilməsi prosesinə narazılıq etməsinə də münasibət bildirib: "Müzakirələrdə qrantların paylanması mexanizmi ilə bağlı məsələ qaldırılıb. Şikayət olundu ki, qrantların verilməsi zamanı müəyyən yaxın münasibətlərə və digər amillərə üstünlük verilir. Qrant paylanması prosesində hakimiyyət iştirak etmir. Ona görə də QHT-lərə Dövlət Dəstəyi Şurasından xahiş etdim ki, yığılıb bu məsələni həmin təşkilatların iştirakı ilə müzakirə etsinlər. Onlar nəyə qərar versə, biz o qərarı dəstəkləyəcəyik".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB