“Küçə və televiziya reklamlarında dil qüsurları” ABUC Şirvan şəhərində tədbir keçirib - FOTOLAR
Azərbaycanın Bütövlüyü Uğrunda Cəmiyyət Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirdiyi "Sosial tədqiqatlar yolu ilə əhalinin reklama münasibətinin öyrənilməsi" layihəsi çərçivəsində növbəti tədbirini Şirvan şəhərində keçirib. "Küçə və televiziya reklamlarında dil qüsurları" adlı dəyirmi masada layihənin rəhbəri Elman Cəfərli bildirib ki, ABUC layihə çərçivəsində əhali arasında sorğuya başlayıb. Layihə rəhbəri qeyd edib ki, iki həftə davam edəcək sorğu Abşeron və Muğan bölgələrini əhatə edəcək. Sorğunun keçirilməsi üçün 5 nəfər intervuyer ayrılıb. Onların 3-ü Bakı və ətraf ərazilərdə, ikisi isə Saatlı şəhərində fəalliyyət göstərəcək. Layihənin icrasına cəlb etdiyimiz sosioloq-ekspertin iştirakı ilə intervuyerlərlə bir günlük təlim keçirildi. Sorğudan öncə, Bakı şəhərində sınaq sorğusu həyata keçirdik. Nəticələrə uyğun olaraq, sorğu anketində düzəlişlərə etdik. Layihənin rehberi deyib ki, sorğunun əsas məqsədi müxtəlif yaş qruplarından olan insanların reklama olan münasibətlərini aşkarlamaq və müqayisə etmək, insanların reklama inanma dərəcələrinin müəyyən etmək, reklamın onların həyatında hansı rol oynadığını müəyyən etmək, reklamın dəyişdirilməsi, onun verilməsi üsulları və qanunvericiliyə dəyişikliklərin edilməsi barədə sakinlərin fikirlərinin öyrənilməsindən ibarətdir. Sorğuda respondentlərin reklamlara inamı, reklamların insanların davranışına təsiri, ölkədə reklamların hazırlanma səviyyəsinə münasibəti və reklam qanunvericiliyinin təkmilləşdirilməsi ilə bağlı təklifləri öyrəniləcək. Elman Cəfərli deyib ki, araşdırmalaramız göstərir ki, insanlar reklamların dilindən, təqdimatından, səviyyəsində narazıdırlar: "Mətnlər o səviyyədə təqdim edilir ki, tamaşaçı ilk andaca mətnlə vizual görüntü arasında ciddi uçurum olduğunu hiss edir. Rus dilindən, Türkiyə türkcəsindən, ingilis dilindən ana dilimizə çevirilən mətnlərdə kifayət qədər qüsurlar olur. Əsasən də sözlərin, ifadə vasitələrinin dilimizdəki mövcud qarşılığının tapılması böyük bir bəlaya çevrilib. Reklam mətnlərinin tərcüməsilə o mətnlərin dilimizə uyğunlaşdırılması işini öz üzərinə götürən adamların əksəriyyəti dilçilik sahəsində naşı olanlardır. Reklam verən şirkətlər hansısa səbəbdən belə ciddi məsələni Azərbaycan dilini doğru-dürüst bilməyənlərə etibar edir. Bu da nəticə etibarilə dilimizin və xalqımızın əleyhinə işləyir". Sosial Hüquqların Monitorinq Mərkəzinin rəhbəri Azad İsgəndərli qeyd edib ki, televiziyalar bildirir ki, təqdim edilən reklama görə onlar məsuliyyət daşımır: " Reklamı müxtəlif şirkətlər verir, onlar isə konkret məbləğ müqabilində o reklamları efirdə camaata göstərirlər. Təəssüf ki, bu gün baxdığımız reklamların əksəriyyəti xarici dillərdədir, bu da qanunvericiliyin tələblərini pozur. Lakin problemlər nə qədər çox olsa da, bunun əsas həll yolu ictimai nəzarətlə həll oluna bilər. Bunun üçün də bu sahə ilə məşğul olan QHT-lər və hər bir şəxs reklamlarla bağlı məsələni qaldırmağı bir vətəndaşlıq borcu hesab etməlidir. Bu məsələdə Milli Televiziya və radio Şurası məşğul olmalı və bu məsələni diqqətdə saxlamalıdır". "Hüquqi və Demokratik İslahatlar Mərkəzi" İctimai Birliyinin sədri İlham Əliyev bildirib ki, problemin yaranmasına səbəb reklam işi ilə qeyri-peşəkarların məşğul olmasıdır: " Reklamla məşğul olanlar onların reklam tərəflərinə, dizaynerlər dizayn işlərinə, dilçilər də dil məsələsinə baxmalıdır. Bu iş İcra Hakimiyyətində koordinasiya olunmaqla bütün reklam sahəsini nəzarətə götürməlidir. İcra Hakimiyyətlərinə paralel olaraq Dilçilik İnstitutunda da reklam dili şöbəsi yaradılmalıdır və hər iki şöbə arasında sıx əlaqə olmalıdır. Dilçilik İnstitutunda reklam dili üzrə mütəxəssislər hazırlanmalıdır. Onlar nəinki paytaxtda, hətta respublikamızın müxtəlif yerlərində reklamlarla bağlı layihələr hazırlamalı, təkliflər verməlidir. Hesab olunur ki, bu da birbaşa reklamlarımızın dilini cilalamağa xidmət edəcək".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB