Bakıda NATO Azərbaycan Beynəlxalq Məktəbinin sessiyası başlayıb

Bakıda NATO Azərbaycan Beynəlxalq Məktəbinin sessiyası başlayıb
Bakıda NATO Azərbaycan Beynəlxalq Məktəbinin (NİSA) "Böhranlara cavablar: Beynəlxalq ictimaiyyətin yanaşmaları, imkanları və resursları" mövzusunda yay sessiyası başlayıb. SİA-nın məlumatına görə, sessiyada jurnalistlərə açıqlama verən Rumıniyanın Azərbaycandakı səfiri Daniel Çobanu bildirib ki, bu tədbir müxtəlif ölkələrdən olan tələbələr və ekspertlərə faydalı fikir mübadiləsi aparmağa imkan verir. Mövzunun aktuallığını qeyd edən səfir bildirib ki, iqtisadi və maliyyə böhranı beynəlxalq ictimaiyyətə birbaşa və dolayı yolla təsir edir: "NATO beynəlxalq birlikdə təhlükəsizlik və stabilliyin formalaşmasında əhəmiyyətli rol oynayır".

Daniel Çobanu NATO sülhməramlı qüvvələrinin 2014-cü ilədək Əfqanıstandan çıxarılması planlarına toxunub və qeyd edib ki, kontingentin çıxarılması NATO-nun bu ölkədə sülh quruculuğu prosesindən imtina etməsi demək deyil. Səfir eyni zamanda Azərbaycanla NATO-nun əməkdaşlığını yüksək səviyyədə qiymətləndirdiyini deyib. O Azərbaycanın NATO yüklərinin Əfqanıstana daşınmasında və bu ölkədəki sülhməramlı kontingentin tərkibində iştirakında mühüm rol oynadığını deyib. Sessiya çərçivəsində iştirakçılar "Böhrana nəzəri baxış", "Silahlı münaqişələr: nəzəri və praktiki icmal", "Maliyyə böhranı", "Nüvə energetikası və təhlükəsizlik", "Regional böhranlar və regional təşkilatlar", "İqtisadi və sosial inkişaf", "Ətraf mühit problemləri" kimi mövzular ətrafında fikir mübadiləsi aparacaqlar. İyulun 5-də keçiriləcək sessiyada NATO baş katibinin Cənubi Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Ceyms Appaturay və Azərbaycanın NATO yanında nümayəndəliyinin rəhbəri Xəzər İbrahim də iştirak edəcəklər. Sessiya işini iyulun 6-da başa vuracaq.

Bütün xəbərlər Facebook səhifəmizdə