Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə Filippin Respublikasının vətəndaşı olan bir qadın ona sığınacaq verilməsi ilə bağlı müraciət edib. DMX-dən SİA-ya verlən məlumata görə, səxs Dövlət Miqrasiya Xidmətinin sığınacaq axtaran şəxslər üçün nəzərdə tutulmuş və beynəlxalq standartlara uyğun təchiz edilib, sığınacaq mərkəzində yerləşdirilib. Mövcud qanunvericiliyin tələbləri çərçivəsində şəxslə bağlı araşdırma aparılıb, müsahibə zamanı o, şəxsiyyətini təsdiq edən sənədləri olmadığını və bu səbəbdən də ölkəsinə qaytarılması üçün ona yardım edilməsini xahiş edib.
Sığınacaq mərkəzində könüllü olaraq yerləşdirilmiş Filippin vətəndaşı ilə Ombudsman aparatının nümayəndələri və Beynəlxalq Miqrasiya Təşkilatının (BMqT) Azərbaycandakı nümayəndəliyinin rəhbərliyi görüşüb, şəxsin sığınacaq mərkəzindəki şəraiti ilə yerində tanış olub. Hər iki qurumun nümayəndələri yaradılan şəraitin qənaətbəxş olduğunu bildirib. Filippinli qadının ölkəsinə qaytarılmasında BMqT Dövlət Miqrasiya Xidmətinə yardımını təklif edib. Şəxslə bağlı məlumatlar BMqT vasitəsilə Filippin Respublikasının Ankaradakı səfirliyinə göndərilib. Hazırda həmin şəxsin ölkəsinə qaytarılması istiqamətində birgə tədbirlər davam etdirilir.
Yuxarıda qeyd olunanlarla bağlı bəzi qeyri-hökumət təşkilatları mövcud vəziyyətdən öz maraqları üçün istifadə etməyə cəhd göstərir və ictimaiyyətə bu barədə yanlış məlumatlar verirlər. Belə ki, "Azərbaycan Miqrasiya Mərkəzi" İctimai Birliyinin Prezidenti Əlövsət Əliyevin internet səhifələrində Filippin vətəndaşının insan alverinin qurbanı olmasını iddia etməsinə baxmayaraq, onun Dövlət Miqrasiya Xidmətinə təqdim etdiyi sənədlərdən məlum olmub ki, şəxslə bağlı toplanmış materiallar DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi tərəfindən araşdırılıb, Filippin vətəndaşının insan alverinin qurbanı olmaması müəyyənləşdirilib və cinayət işinin başlanmasının rədd olunması haqqında qərar qəbul edilib.
Eyni zamanda, "Azərbaycan Miqrasiya Mərkəzi" tərəfindən internet səhifələrində "2012-ci ilin birinci yarısında Azərbaycana 900 nəfərədək Filippin vətəndaşının gəldiyi, bu şəxslərin ölkə ərazisində uzun müddət qalmaq və işləmək üçün icazə almadıqları, eyni zamanda, onların ölkədən çıxmadıqları və olduqları yer haqqında məlumatların olmadığı" barədə verilən yazıların heç bir əsası yoxdur.
Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətində olan rəsmi məlumatlara əsasən, cari ilin beş ayı ərzində Azərbaycan Respublikasının ərazisinə ümumilikdə 354 nəfər Filippin vətəndaşı daxil olub. Onlardan 208 nəfəri viza müddəti bitdikdən sonra ölkə ərazisini tərk edib. 107 nəfəri Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş müvafiq icazələr əsasında hazırda ölkə ərazisində yaşayır. Olma müddəti bitmiş 39 filippinlinin isə aşkar edilərək barələrində müvafiq qərarlar qəbul edilməsi üçün lazımi tədbirlər davam etdirilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB