Azərbaycanın birinci xanımına Krans Montana Forumunun mükafatı təqdim olundu - FOTO

Azərbaycanın birinci xanımına Krans Montana Forumunun mükafatı təqdim olundu - FOTO

"Krans Montana Forumundan belə yüksək mükafatı almaq mənim üçün böyük şərəfdir"


Bakıda keçirilən Krans Montana Forumu çərçivəsində "Qadın hüquqları insan hüquqlarıdır, insan hüquqları isə qadınların hüququdur" mövzusunda plenar iclas olub.


Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva iclasda iştirak edib. AzərTAc xəbər verir ki, iclası açan Krans Montana Forumunun təsisçisi və prezidenti, səfir Jan Pol Karteron Azərbaycanın birinci xanımı Mehriban Əliyevanı mərasim iştirakçılarına təqdim edib. O bildirib ki, forumun ən ali mükafatı olan "Prix de la Fondation" mükafatı beynəlxalq səviyyədə fəaliyyəti ilə seçilən və rəğbət qazanan insanlara verilir. Bu sırada qadınlar olanda isə mükafat daha böyük məna və mahiyyət kəsb edir.


"Mehriban Əliyeva dünyada humanitar fəaliyyəti ilə diqqət çəkir, zərurət mövcud olan yerləri nəzərdən qaçırmır", - deyən Jan Pol Karteron bildirib ki, bu irs Azərbaycan xalqının dahi oğlu Heydər Əliyevdən miras qalıb. İndi bu böyük insanın adını daşıyan Fond regional və qlobal miqyasda təhsil, səhiyyə, mədəniyyət, idman və təbii ki, qadın hüquqlarının qorunması sahəsində geniş fəaliyyət göstərir.


İSESCO-nun baş direktoru Əbdüləziz bin Osman əl-Tüveycri Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın fəaliyyətindən danışıb, Prezident İlham Əliyevin ölkəmizdə gördüyü işlərin yüksək səviyyədə həyata keçirilməsində onun yaxından iştirak etdiyini vurğulayıb.


Sonra mükafatlandırma mərasimi olub. Krans Montana Forumunun ən ali mükafatı - "Prix de la Fondation" Azərbaycanın birinci xanımı Mehriban Əliyevaya təqdim edilib.


Təltif olunmasına görə minnətdarlığını bildirən Azərbaycanın birinci xanımı Mehriban Əliyeva deyib: "Mən Krans Montana Forumunun prezidentinə təşəkkürümü bildirmək istərdim. Bu qərarı qəbul edənlərin hamısına təşəkkürümü bildirmək istərdim. Krans Montana Forumundan belə yüksək mükafatı almaq mənim üçün böyük şərəfdir. Mən bu mükafatı Heydər Əliyev Fondunun müxtəlif sahələrdə qazandığı nailiyyətlərin tanınmasının bir rəmzi kimi qəbul edirəm. Həmçinin, mən bu mükafatı Heydər Əliyev Fondunun müxtəlif mədəniyyətlər, müxtəlif millətlər arasında əlaqələrin daha da yaxşılaşdırılmasındakı nailiyyətlərinin rəğbətlə qəbul edilməsinin bir nişanəsi kimi dəyərləndirirəm. Çox sağ olun".

Bütün xəbərlər Facebook səhifəmizdə