Kembric Universitetində “Azərbaycan günü”

Kembric Universitetində “Azərbaycan günü”

İngiltərədə fəaliyyət göstərən Odlar Yurdu Təşkilatının və Azərbaycanın Böyük Britaniyadakı səfirliyinin dəstəyi ilə dünyanın nüfuzlu ali təhsil ocaqlarından biri kimi tanınan Kembric Universitetində ilk dəfə olaraq "Azərbaycan günü" adlı konfrans keçirilib.

SİA-nın məlumatına görə, Odlar Yurdu Təşkilatından AzərTAc-a bildiriblər ki, 100-ə yaxın alimin qatıldığı konfransın əsas məqsədi Böyük Britaniyanın nüfuzlu universitetinin mühazirəçilərini, araşdırma mərkəzlərinin alimlərini Azərbaycan mədəniyyəti və tarixi, ölkəmizin iqtisadi imkanları ilə tanış etməkdən ibarət olub.

Bu məqsədlə tədbirə məruzəçi qismində həm Azərbaycandan, həm də Avropanın tanınmış ali təhsil müəssisələrindən araşdırmaçı-mütəxəssislər dəvət ediliblər.

Odlar Yurdu Təşkilatının sədri İlham Nağıyev bildirib ki, Avropada müntəzəm olaraq, Azərbaycan haqqında məlumatların artırılması xarakterli təbliğat tədbirləri reallaşdırılır. Belə tədbirlərin bundan sonra da təkcə Kembric Universitetində deyil, İngiltərənin digər ali məktəblərində, araşdırma mərkəzlərində də keçirilməsi planlaşdırılır. "Biz Azərbaycanla bağlı təbliğati işlərə reklam, PR xarakterli deyil, məhz araşdırma, elmi cəhətdən yanaşmaq istəyirik", - deyə təşkilatın rəhbəri vurğulayıb.

Konfransda çıxış edən Azərbaycanın Böyük Britaniyadakı səfiri Fəxrəddin Qurbanov diqqətə çatdırmışdır ki, bu ölkədə təhsil alan tələbələrə mütəmadi olaraq ölkəmiz haqqında məlumatların verilməsi vacibdir. Bu tədbir də Azərbaycan haqqında düzgün məlumatların bütün dünyaya yayılmasına təkandır. Kembric Universitetində keçirilən elmi konfranslar, burdakı mühazirələr kitab halına salınır və tələbələrə dərs vəsaiti kimi tövsiyə edilir.

Konfransda Avropa universitetlərinin alimləri ilə yanaşı, Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin, Dövlət Neft Fondunun nümayəndələri Azərbaycan iqtisadiyyatının yenidən qurulması, "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin rəsmisi milli mədəniyyətimiz, Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin eksperti Azərbaycanın xarici siyasətinin xüsusiyyətləri barədə mühazirələrlə çıxış ediblər.

Tədbir çərçivəsində xanəndə Raziyə Sultanovanın muğamlardan ibarət yeni diskinin təqdimatı keçirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə