“İşgəncələrin qarşısının alınması üzrə mexanizmlərinin inkişafı”

25-26 iyun tarixlərində Gürcüstanın paytaxtı Tbilisi şəhərində Avropa İttifaqının maliyyə dəstəyi və Beynəlxalq Həbsxana İslahatı təşkilatının Cənubi Qafqaz regionu üzrə ofisi tərəfindən regionlararası konfrans keçirilib. SİA-nın xəbərinə görə, "İşgəncələrin qarşısının alınması üzrə mexanizmlərinin inkişafı" mövzusunda təşkil olunmuş bu beynəlxalq konfransa 9 ölkə - Rusiya Federasiyası, Ukrayna, Belarus, Gürcüstan, Ermənistan, Qazaxıstan, Qırğızıstan, Tacikistan Respublikaları ilə yanaşı Azərbaycan Respublikasında fəaliyyət göstərən qeyri-hökumət və vətəndaş cəmiyyətləri nümayəndələrindən ibarət olan müxtəlif monitorinq qurumları, dövlət orqanları nümayəndələri, o cümlədən Azərbaycan Ombudsmanının İşgəncələrin qarşısının alınması üzrə Milli Preventiv Mexanizm Qrupunun rəhbəri Vüqar Məhərrəmov, habelə insan hüquqları sahəsində tanınmış beynəlxalq ekspertlər qatılıblar.

Konfransın müxtəlif sessiyalarında Azərbaycan MPM-nin nümayəndəsi Ombudsmanın işgəncələrin qarşısının alınması sahəsində gördüyü işlər, bu sahədə aparılan islahatlar, başçəkmələrin aparılması qaydaları, tövsiyələrin və hesabatların hazırlanması barədə çıxışlar edib və iştirakçıları maraqlandıran suallara cavab verib.

Konfransda işgəncələrlə mübarizə sahəsində işin təkmilləşdirilməsinə dair müvafiq təkliflər irəli sürülmüş və tədbir canlı diskussiya, təcrübə və fikir mübadiləsi şəraitində başa çatıb.

Bütün xəbərlər Facebook səhifəmizdə