Naxçıvanlı tələbələr “Milli dəyərlər və müasir gənclik”dən danışıblar

Naxçıvanlı tələbələr “Milli dəyərlər və müasir gənclik”dən danışıblar

Naxçıvan Dövlət Universitetinin akt zalında universitet rəhbərliyi ilə birgə "Sosial idarəetmə və hüquq" fakültəsinin hüquqşünaslıq ixtisası üzrə ikinci ali təhsil, III kurs tələbələri "Milli dəyərlər və müasir gənclik " mövzusunda elmi praktik konfrans keçirib. Universitetdən SİA-ya verilən məlumata görə, universitetin Beynəlxalq münasibətlər və xarici dillər fakültəsinin akt zalında keçirilən konfrans Azərbaycan Respublikasının dövlət himninin səsləndirilməsi ilə başlayıb.

Konfransı giriş sözü ilə açan NDU-nun tərbiyə işləri üzrə prorektoru, fəlsəfə elmləri doktoru, professor Məmməd Rzayev açıb. Dövlətimizin gündən-günə inkişaf etdiyini deyən Məmməd Rzayev ölkəmizin uğurlu gələcəyinin milli-mənəvi dəyərlərə sadiq vətənpərvər və yüksək təhsilə malik gənclərdən çox asılı olduğunu bildirib. O, çıxışında çağdaş dünyanın reallıqlarını nəzərə alaraq adət-ənənələrə yanaşmağın vacibliyini vurğulayıb. Məmməd Rzayev deyib ki, bütün sahələrdə milli kadrların yetişməsi, biliklərinin artırılması, milli-mənəvi dəyərlərin yaşadılması nəticəsində dünyəvi olduğu qədər milli, milli olduğu qədər də müasir təbəqə formalaşdırılmalıdır. Professor Məmməd Rzayev 2012-ci ilin muxtar respublikada "Milli dəyərlər ili" elan edilməsini milli dəyərlərimizin, milli kimliyimizin qorunub saxlanılması və gələcək nəsillərə çatdırılması baxımından yüksək qiymətləndirib.

Konfransda NDU-nun Azərbaycan tarixi kafedrasının dosenti, tarix üzrə fəlsəfə doktoru Elçin Zamanov "Milli dəyərlər və müasir gənclik" mövzusunda çıxış edərək gəncliyin milli dəyərlərimizə, doğma ana dilimizə, nəsillərdən-nəsillərə miras qalan gözəl adət-ənənələrimizə sahib çıxmasının müasir dövrdə qloballaşma şəraitində önəmli şərtlərdən olduğunu vurğulayıb.

NDU-nun Sosial idarəetmə və hüquq fakültəsinin III kurs hüquqşunaslıq ixtisası üzrə qrup nümayəndəsi İntizar Məmmədova "Heydər Əliyev və milli dəyərlərimiz" mövzusunda çıxış edərək ümummilli lider Heydər Əliyevin milli-mənəvi dəyərlərimizin qorunub saxlanılmasına və inkişafına daim böyük önəm verdiyini, ulu öndərin ideyalarının Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla həyata keçirildiyini bildirib. Eyni zamanda vurğulayıb ki, bu gün müəyyənləşmiş dövlət siyasətimizin Naxçıvan Muxtar Respublikasında həyata keçirilməsi xüsusiliyinə görə nümunəyə çevrilib: \"Dünyanın heç bir ölkəsində blokada vəziyyətində olan region inkişaf etməyib. Amma Naxçıvan Muxtar Respublikası iyirmi ildən çoxdur ki, blokada vəziyyətində olmasına baxmayaraq Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sədri Vasif Talıbovun şəxsi iradəsi, əzmi və xarakteri hətta \"blokada vəziyyətində olan bir regionunu da inkişaf etdirmək olar\" düsturunu yaradıb, görülən, həyata keçirilən siyasətdə fərdi və şəxsi xarakterin nə qədər əhəmiyyətli olduğunu sübut edib.

Universitetin tələbə -gənclər təşkilatının sədri, ATGTİ-nin sədr müavini Arzu Abdullayev "Milli dəyərlər və Naxçıvan Dövlət Universiteti tələbələrinin vəzifələri"adlı məruzəsində qeyd edib ki, ölkəmizin uğurlu gələcəyi milli mənəvi dəyərlərə sadiq vətənpərvər və yüksək təhsilə malik gənclərdən çox asılıdır və bu istiqamətdə məqsədyönlü işlər həyata keçirilməkdədir.

Bütün xəbərlər Facebook səhifəmizdə