“Yerli İdarəetmədə Qadın Liderliyi” mövzusunda dəyirmi masa keçirilib

“Yerli İdarəetmədə Qadın Liderliyi” mövzusunda dəyirmi masa keçirilib

Yevlax rayonunda Amerika Birləşmiş Ştatları İnkişaf Agentliyi (USAİD) tərəfindən maliyyələşdirilən və Kaunterpart İnterneşnl təşkilatı tərəfindən Qadın İştirakçılığı Proqramı (QİP) çərçivəsində həyata keçirilən "Yerli İdarəetmədə Qadın Liderliyi (YİQL)" adlı layihəsi çərçivəsində dəyirmi masa keçirilib. SİA-nın məlumatına görə, tədbirdə Yevlax rayon rəhbərliyinin və ictimaiyyət nümayəndələri iştirak edib.

Tədbiri giriş sözü ilə Yevlax rayon İcra Hakimiyyəti başçısının müavini Zərifə Məmmədova açaraq bildirib ki, bu gün ölkənin ictimai, sosial-iqtisadi və siyasi həyatında qadın hüquqlarının və gender bərabərliyinin qorunması sahəsində böyük nailiyyətlər əldə olunub. Bununla yanaşı dövlətin gender siyasətinin inkişafı istiqamətində qadın fəallığının və təşəbbüskarlığının artırılması vacibdir.

Layihə rəhbəri və "Qadınlar Bələdiyyələrin İnkişafı Uğrunda" İctimai Birliyinin sədri Lyudmila Xəlilova "Yerli İdarəetmədə Qadın Liderliyi" adlı layihəni Yevlax rayonun ictimaiyyətinə təqdim edərək çıxışında bildirib ki, layihənin əsas məqsədi yerli idarəetmədə qadınların hüquq və imkanlarının artırılması, onların qərar vermə proseslərinə təsirin və qadın liderliyinin inkişafının gücləndirilməsidir.

Layihə rəhbəri bildirdi ki, proqrama əsasən "CEDAW 7b" adlı koalisiya yaradılıb. Qeyd edək ki, qadınlara qarşı ayrı seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında konvensiya (CEDAW) baş bəclisin 18 dekabr 1979-cu il tarixli 34/180 nömrəli Qətnaməsi ilə qəbul edilib və 7-ci maddəsinin "b" bəndinə əsasən qadınların hökumətin siyasətinin formalaşmasında və həyata keçirilməsində iştirak etmək və dövlət vəzifələri tutmaq, habelə dövlət idarəçiliyinin bütün səviyyələrində bütün dövlət funksiyalarını həyata keçirmək hüququ vardır.

O, həmçinin qeyd etdi ki, layihənin Yevlax rayonunda həyata keçirilməsinin məqsədi ondan ibarətdir ki, burada mövzuya dair geniş maarifləndirmənin təşkili, qadınların liderlik üzrə bilik və bacarıqların artırılması və 2014-cü, 2015-ci il seçkilərində qadın iştirakçılığının gücləndirilməsidir.


Tədbir iştirakçıları çıxış edərək, proqramın və layihənin vacibliyini vurğulayıblar. Onlar bildiriblər ki, layihənin məqsəd və vəzifələri bu günün tələblərindən irəli gəlir. Yerli idarəetmədə qadın liderliyinin inkişafı və rolu haqqında çıxış edərək bildirildi ki, bu sahədə kişilər qadınlara dəstək olmalıdırlar.

Bütün xəbərlər Facebook səhifəmizdə