\"Xəmsə\" milli intellektual oyunu üzrə Azərbaycan çempionatı keçiriləcək

Gənclər və İdman Nazirliyi və Gənclərin İntellektual İnkişafı Mərkəzi (GİİM) Xəmsə milli intellektual oyunu üzrə Azərbaycan çempionatını təşkil edəcəklər. SİA-nın xəbərinə görə, Azərbaycan İntellektual Oyunlar Federasiyasının dəstəyi ilə təşkil olunacaq çempionat iyul ayının 21-də Bakıda baş tutacaq. Xəmsə milli intellektual oyunu üzrə Azərbaycan çempionatında 16 komanda yarışacaq. Çempionatda ilk iki yeri tutacaq komanda Azərbaycanı Batumidə keçiriləcək Qara Dəniz Kubokunda təmsil edəcək. Gənclərin İntellektual İnkişafı Mərkəzinin sədri Faiq Hüseynovun sözlərinə görə, rus dilində təşkil olunacaq ilk Azərbaycan çempionatı Xəmsə oyunu üzrə ən güclünü müəyyənləşdirəcək və bu milli intellektual oyunun beynəlxalq arenada daha da populyarlaşmasına kömək edəcək.


Xatırladaq ki, Xəmsə milli intellektual oyunu 2007-ci ildə yaradılıb. Hazırda Bakı, Sumqayıt, Gəncə, Göygöl, Ucar, Lənkəran, Şabran, Quba, Qax, Balakən və Naxçıvanda Xəmsə oyunu üzrə klublar fəaliyyət göstərir. Xəmsə milli intellektual oyunu bir çox beynəlxalq yarışların proqramına da daxildir.

Bütün xəbərlər Facebook səhifəmizdə