Bakıda “Böyük İpək Yolu” Beynəlxalq Gənclər Konqresi və Festivalı keçirilir- FOTOSESSİYA
Bu gündən etibarən Gənclər və İdman Nazirliyinın təşəbbüsü ilə Bakıda "Böyük İpək Yolu" Beynəlxalq Gənclər Konqresi və Festivalı öz işinə başlayıb. SİA-nın xəbərinə görə, konqresinin rəsmi açılış mərasimi Gülüstan sarayında gerçəkləşib.
Tədbirin açılışında çıxış edən gənclər və idman naziri Azad Rəhimov bildirib ki, Azərbaycan gəncləri və cəmiyyəti sülhün qurulmasına, yeni mədəniyyətlərlə tanışlığa açıqdır. Nazirin sözlərinə görə, Azərbaycanda digər xalqların mədəniyyətləri ilə tanışlığa xüsusi diqqət göstərilir və birgə tədbirlər, konfranslar reallaşır. Onun fikrincə, Bakıda növbəti konqresin keçirilməsində əsas məqsəd tarixi "Böyük İpək Yolu" üstündə yerləşən ölkə gənclərinin və gənclər sahəsində çalışan qurumların əməkdaşlığı üçün şəraitin yaradılması, müxtəlif qitə, din, dil, mədəniyyət daşıcıyılarının bir-birləri ilə sıx əlaqə qurması, gənclər arasında mədəniyyətlərarası dialoqun yaradılmasına və inkişafına töhvə verilməsidir. Eyni zamanda gənclərlə qarşılıqlı anlaşmanı inkişaf etdirmək, bu sahədə gənclərin fəaliyyətlərini dəstəkləmək məqsədilə yeni beynəlxalq gənclər platforması olan "Böyük İpək Yolu" Beynəlxalq Gənclər Təşkilatının təsis edilməsi də konqresin əsas istiqamətlərindən biridir.
Prezident Administrasiyasının siyasi təhlil və informasiya təminatı şöbəsinin müdiri Elnur Aslanov isə bildirib ki, Azərbaycanda gənclər siyasəti dövlət siyasətinin əsas istiqamətlərindən biridir. O qeyd edib ki, gənclər ölkənin ictimai-siyasi həyatında çox fəal rol oynamaqla yanaşı, aparıcı qüvvəyə çevriliblər. Şöbə müdirinin sözlərinə görə, onların potensialından istifadə olunması, bilik və bacarıqlarının inkişaf etdirilməsi dövlətin prioritet məsələlərindəndir. Azərbaycan gənc dövlət olsa da qısa bir müddət ərzində gələcəyi parlaq olan bir ölkəyə çevrilib.
Millət vəkili Fuad Muradov isə qeyd edib ki, Böyük İpək Yolu tarixi dəyər daşıyır. Layihə nəinki ticari əlaqələrin qurulmasında, mədəniyyətlərarası dialoqun formalaşmasında da böyük rol oynayır: "Layihə bir növ Avropa ilə Asiya arasında körpü rolu oynayıb. Hazırda YUNESKO mədəniyyətlərarası dialoqun qurulmasında İpək yolu layihəsindən bəhrələnir. Azərbaycan da dialoqun qurulmasında böyük addımlar atır".
Qeyd edək ki, ki, 25 ölkədən 200-dən artıq gənclərlə iş üzrə dövlət orqanlarının, gənclər təşkilatlarının rəhbərləri və səlahiyyətli nümayəndələri, eyni zamanda gənc parlament üzvlərinin iştirak edəcəyi konqresdə panel müzakirələri aparılacaq. Panel müzakirələrə- Gənclər siyasəti: təcrübə və əməkdaşlıq imkanları, Sivilizasiyalar və mədəniyyətlərarası dialoq: gənclər arasında tolerantlığın və qarşılıqlı anlaşmanın bir vasitəsi kimi, Beynəlxalq Gənclər Təşkilatının təsis edilməsi, Bakı Deklarasiyasının qəbul edilməsi daxildir. Bununla yanaşı, gənc fotoqrafların və rəssamların sərgisinin və müxtəlif ölkələrdən olan yaradıcı gənclərin iştirakı ilə Qala-konsert də keçiriləcək.
"Böyük İpək Yolu" Beynəlxalq Gənclər Konqresi və Festivalı iyunun 30-dək davam edəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB