Sahibə Qafarova AŞPA-nın sessiyasında Azərbaycanda həyata keçirilən gənclər siyasətinin uğurlarından danışıb
"Son illər, xüsusən 2008-ci ildən sonra dünyada cərəyan edən proseslər, o cümlədən, qlobal maliyyə böhranı bütün sahələrdə ciddi fəsadlar yaradıb. Xüsusən azdayanıqlı iqtisadiyyata sahib ölkələr, bu sırada, bəzi Avropa dövlətləri də var, iqtisadi böhrana məğlub olublar. İqtisadi böhrandan ən çox zərər çəkən ictimai təbəqələrin önündə gənclər durur. Beynəlxalq təşkilatların hesabatlarına görə, dünyada gənclərin 13 faizi işsizdir. İxtisaslı gənclərin bir çoxu yarı günlük işlərdə, yaxud da ixtisas tələb etməyən işlərdə çalışır. Növbəti illərdə isə bu göstəricinin nəinki yaxşılaşmayacağı, hətta daha da pisləşəcəyi proqnozlaşdırılır. Təbii ki, gənclərlə bağlı problemlərin belə qabarıq ortaya çıxmasının başlıca səbəbi beynəlxalq maliyyə böhranıdır". SİA-nın xəbərinə görə, bu fikirləri Avropa Şurası Parlament Assambleyasındakı çıxışı zamanı Azərbaycanın qurumdakı nümayəndə heyətinin üzvü, qurumun Rasizm və ksenofobiya alt komitəsinin sədri Sahibə Qafarova səsləndirib. Onun sözlərinə görə, milyonlarla iş yerlərinin bağlanması, müavinət və digər sosial ödənişlərin azaldılması, büdcə xərclərinin məhdudlaşdırılması kimi problemlər ən çox gənclərə mənfi təsir etməkdədir.Dünyada baş verən ictimai-siyasi hadisələr dəyişdikcə, gənclər qarşısında duran problemlərvə onların həlli yolları da dəyişməyə başlayıb. Ona görə də, məhz indiki şəraitdə gənclər siyasətinə yenidən baxmağa, aktiv və effektiv tədbirlər görməyə daha çox ehtiyac yaranır.
Çıxışında Azərbaycanda gənclərlə bağlı həyata keçirilən dövlət siyasəti haqqında da məlumat verən Sahibə Qafarova deyib ki, Azərbaycan dövləti maliyyə böhranından ən az itkilərlə çıxan dövlətlərdən biridir: "Qeyd etmək istərdim ki, Azərbaycan əhalisinin 42,3 faizini yaşı 14-29 olan gənclər təşkil edir. Bunun özü həm çox böyük bir göstərici, həm də ölkənin güclü inkişaf enerjisi olduğunu sübut edən məqamlardan biridir. Azərbaycan dövləti də haqlı olaraq, bu güclü potensialı səfərbər etmək, gənclərin imkanlarından bəhrələnmək, həm də gənclərin dövlətin və cəmiyyətin sosial-iqtisadi, ictimai-siyasi və mədəni həyatında iştirakının təmin edilməsi istiqamətin bütün mümkün addımları atmaqdadır. Dövlət gənclər siyasəti – gənclərin öz bilik və bacarıqlarının, təbii potensialının effektli reallaşdırılmasını, cəmiyyətdə layiqli yer tutmasını təmin edən şəraitin yaradılması məqsədilə dövlət tərəfindən müəyyən edilmiş prioritetlər və həyata keçirilən tədbirlər sistemidir. Gənclərin hərtərəfli inkişafı ölkənin sosial-iqtisadi, elmi və mədəni inkişafı ilə sıx əlaqədədir, onun qlobal rəqabətə davamlılığının, milli təhlükəsizliyinin vacib şərtlərindəndir".
Daha sonra millət vəkili vurğulayıb ki, Azərbaycan Gənclərlə bağlı ayrıca qanun qəbul olunmuş və ayrıca Dövlət proqramı icra olunan azsaylı dövlətlərdən biridir. Həm qanunda, həm də proqramda gənclərin inkişaf etdirilməsi ilə bağlı konkret tədbirlər əksini tapmaqdadır. Dövlət gənclərin potensialını səfərbər etmək və onları təşviq etmək üçün Gənclər Fondu yaradıb. Bu fond həm gənclərin fəal yaradıcılıq qabiliyyətlərini inkişaf etdirir, onların fəaliyyətini stimullaşdırır, həm də dövlətin gəncləri idarəçiliyə cəlb etmək niyyətini ortaya qoyur. Hər il yüzlərlə gənc dövlət vəsaiti hesabına xaricdə təhsil almağa göndərilir. Bundan başqa, gənclərin sağlam ruhda böyüməsi və onların idmanla məşğuluna şərait yaradılması üçün ölkənin hər bir regionunda ən müasir standartlara cavab verən idman və olimpiya kompleksləri tikilmişdir. Gənclərin yüksək təhsil almaq imkanının təmin olunması məqsədilə yeni müasir tipli məktəblər tikilərək onların sayı 4523-ə çatdırılıb. Gənclərin işlə təmin olunması məqsədilə ilə son son 8 ildə ölkədə 1 milyondan çox yeni iş yerləri yaradılıb ki, bunun da 80 faizindən artığı gənclər tərəfindən tutulub və daimidir. Dövlət idarəçiliyində gənclərin rolunu artırmaq üçün son dövrlər bu sahədə bütün vakansiyalar məhz gənclər tərəfindən tutulur: "Göründüyü kimi, Azərbaycan bütün problemlərə və maliyyə böhranına baxmayaraq, öz inkişaf ritmini qoruyub saxlamaqdadır. Bu isə şübhəsiz ki, məqsədyönlü və dəqiq hesablanmış, uğurlu siyasətin parlaq təzahürüdür",-deyə Sahibə Qafarova qeyd edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB