Murad Sərkərov: "Çalışıram xalqımı layiqincə təmsil edim" - MÜSAHİBƏ

Bu gün dünyanın əksər ölkələrində azərbaycanlı tələbəyə rast gəlmək olar. Əlbəttə, xarici ölkələrdə bizi layiqincə təmsil edən soydaşımız nə qədər çox olsa bizə yalnız baş ucalığı gətirər. SİA-nın Belarus bürosunun verdiyi məlumata görə, sözügedən ölkədə də azərbaycanlı tələbələr yetərincədir. Belə tələbə həmyerlilərimizdən biri də Belarus Dövlət Tibb Universitetinin 5-ci kurs tələbəsi Murad Səftər oğlu Sərkərovdur.

Muradla söhbətimiz imtahanların sonuna təsadüf etdi.


- Necə oldu ki, oxumaq üçün məhz Belarusu seçdiniz?

- Hələ Sovetlər birliyi dövründə, xüsusən də ümummilli lider Heydər Əliyev Azərbaycana rəhbərlik edən zaman tələbələrə digər respublikalarda ali təhsil alması üçün xüsusi diqqət və qayğı olub. Sonralar tarix göstərdi ki, Heydər Əliyevin bu uzaqgörən siyasəti xalqımıza yalnız xeyir gətirib. Mən hələ orta məktəbdə oxuyarkən qarşıma məqsəd qoymuşdum ki, ali təhsilimi xarici dövlətdə alacağam. Bakı şəhəri 141 saylı orta məktəbdə təhsilimi rus dilində aldığım üçün burada dil problemi yaşamadım. Bir azərbaycanlı kimi bütün tədbirlərdə çalışıram öz biliyimlə seçilim, xalqımı layiqincə təmsil edim. Dünyanın bir çox ölkələrindən tələbələr var, çalışıram onların xatirəsində biliyim və davranışımla qalım. O ki, qaldı Belarusa, mən bir çox tanışlardan öyrəndim ki, burada təhsil almaq çox çətindir, savadı zəif olanları ali məktəbdən xaric edirlər. Bu məni qane edir, çünki yaxşı kadr olmaq üçün ciddi oxumaq lazımdır.


- Niyə məhz tibb sahəsini seçdiniz?

- Mənim uşaqlıqdan bu sahəyə meylim çox olub. Hazırda Universitetin beşinci kursundayam. Müalicə işində olmağıma baxmayaraq bütün praktikamı cərrahiyədə keçirmişəm. Qarşıma bir məqsəd qoymuşam neçə il oxuyub işləməyimdən asılı olmayaraq Azərbaycana təcrübəli cərrah kimi qayıtmaq. Hazırda Azərbaycanda bir çox sahələrlə yanaşı, tibb sahəsi də xeyli inkişaf edib. Müasir Avropa standartlarına uyğun klinikaların, avadanlıqların olması biz gənc tələbələri çox sevindirir.


- Xaricdə təhsil almaq nə dərəcədə çətindir?

- Bilirsinizmi burada bir yaxşı hal var. Əgər hər hansı bir fəndən kəsirin varsa sənə ürəyin istəyən sayda şərait yaradırlar ki, onu düzəldəsən. Amma bir şərtlə, öz biliyinlə olmalıdır. Əgər bir fəndən keçə bilmirsənsə məktəbə pul ödəməyindən asılı olmayaraq xaric olunursan. Bu çox yaxşı haldır, yəni məktəb öz nüfuzunu hər şeydən üstün tutur.


Əlmaniz Ələkbərli, SİA-nın Belarus bürosu.

Bütün xəbərlər Facebook səhifəmizdə