Səbail RİH ordu gününü cəbhə bölgəsində xidmət edən əsgərlərlə keçirib - FOTOSESSİYA

Səbail İcra Hakimiyyətinin rəhbərliyi və rayon ictimaiyyətinin bir qrup nümayənsi 26 İyun – Azərbaycan Silahlı Qüvvələr günü münasibəti ilə cəbhə bölgəsində rayonun hamiçilik etdiyi \"N\" saylı hərbi hissədə, düşmənlə birbaşa təmas xəttində xidmət edən əsgər və zabitlərin qonağı olublar. SİA-nın xəbərinə görə, ilk öncə rayonun nümayəndələri hərbi hissə komandanlığı ilə birlikdə ön cəbhə xəttindəki səngərlərə gəlib, burada əsgərlərimizin xidməti ilə maraqlanıb, maraqlı söhbətlər aparıblar. Sonra qonaqlar əsgər kazarmalarına, yeni inşa olunmuş yeməkxanaya baxmış və əsgərlərimizin məişət şəraiti ilə yaxından tanış olublar.


Hərbi hissə ilə tanışlıq zamanı Səbail rayon nümayəndələri rayondan hərbi xidmətə çağrılan və həmin hərbi hissədə xidmət edən əsgərlərlə də görüşüb, onlara məzunu olduqları orta məktəblərin kollektivlərinin salamlarını və hədiyyələrini çatdırıblar. Rayondan çağrılmış əsgərlərin xidmətdəki uğurları qonaqları xüsusilə sevindirib.


Hərbi hissənin şəxsi heyəti ilə keçirilən görüşdə çıxış edən Səbail rayon İcra Hakimiyyəti Başçısı Asif Əsgərov Silahlı Qüvvələr günü münasibəti ilə əsgərlərimizi təbrik edib, onlara çətin və şərəfli xidmətlərinin yerinə yetirilməsində müvəffəqiyyətlər arzulayıb. Bildirilib ki, son günlərdə düşmən Ermənistan tərəfindən cəbhənin bir çox istiqamətlərində, o cümlədən bu gün Səbailli qonaqların görüşə gəldiyi hərbi hissənin xidməti ərazilərində atəşkəsi pozub. Əsgər və zabitlərimizin fədakarlığı nəticəsində düşmənə layiqli cavab verilib, o tələfat verərək mövqelərinə çəkilib. Düşmən tərəfindən hər gün atəşkəsin pozulmasına baxmayaraq Ordumuz mətinliklə öz xidmətini davam etdirir. Natiq hərbi hissənin şəxsi heyətini Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev tərəfindən ordumuz üçün yaradılmış şərait müqabilində daha yaxşı xidmət etməyə çağırıb və ölkə başçısının apardığı məqsədyönlü siyasət nəticəsində işğal altında olan bütün Azərbaycan torpaqlarının düşməndən azad ediləcəyinə, ölkəmizin ərazi bütövlüyünün bərpa ediləcəyinə əmin oluduğunu, lazım gələrsə Prezidentimizin əmri ilə silaha sayrılaraq müharibə yolu ilə torpaqlarımızın azad olunması üçün bütün qüvvələrin səfərbər ediləcəyini bildirib. Qeyd edilib ki, bu gün Azərbaycan Ordusu Qafqazda ən güclü və hazırlıqlı ordu hesab edilir. Dövlət büdcəsindən müdafiə xərcləri üçün ayrılan vəsait ilbəil artırılır və düşmənimiz Ermənistanın ümumi dövlət büdcəsini üstələyir.


Tədbirdə iştirak edən Tərtər rayon İcra Hakimiyyətinin başçısı Ceyhun Cəfərov əsgərlər qarşısında çıxış edərək bayram münasibəti ilə onları təbrik edib, çətin və şərəli xidmətlərində onlara uğurlar arzulayıb.


Qonaqlar Səbail RİH-nin və rayonun orta məktəblərinin kollektivlərinin hazırladıqları sovqatları və cəbhə şaraitində əsgərlərimizin xidməti üçün vacib olan müxtəlif ləvazimatları şəxsi heyətə təqdim edib, xidmətdə fərqlənən zabit və əsgərlərdən bir qrupu Səbail rayon İcra Hakimiyyəti tərəfindən hədiyyələrlə mükafatlandırılıblar.

Hərbi hissə komandanlığının nümayəndəsi şəxsi heyətin xidməti və döyüş hazırlığı, bu gün cəbhə xəttində yaranmış şərait barədə məlumat verib, Səbail rayon İcra Hakimiyyəti rəhbərliyinə bayram tədbirinin təşkilinə görə öz minnətdarlıqlarını bildirib, hərbi hissədə keçirilən bu tədbirin düşmənlə üz-üzə səngərdə xidmət edən hərbiçilərin ruh yuksəkliyinin qalxmasında böyük rol oynadığını vurğulayıb.


Sonra respublikanın tanınmış incəsənət ustaları döyüşçülərimiz üçün böyük bayram konserti veriblər. Gənclərin sevimlisi Mina, "Vüqar" nəfər qrupu, populyar müğənnilərimiz Azəri qızı Günel və Tünar, estradamızın ən populyar müğənnilərindən olan Röyanın gözəl ifaları əsgərlər tərəfindən xususi rəğbətlə və sürəkli alqışlarla qarşılanıb, profesional ifaçılarla yanaşı onlar da öz məharətini göstəriblər.


Tədbirdə Səbail rayon İcra Hakimiyyətinə və incəsənət xadimlərinə hərbi hissənin Fəxri Fərmanları təqdim olunub, bayram münasibəti ilə xidmətdə fərqlənən 6 nəfər əsgər 10 günlük məzuniyyətlə mükafatlandırılıb və Səbailli qonaqlar həmin əsgərləri evlərinə çatdırıblar.

Bütün xəbərlər Facebook səhifəmizdə