26 iyun Silahlı Qüvvələr günü münasibətilə Ermənistanla ön cəbhədə yerləşən "N"saylı hərbi hissədə"Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu" İctimai Birliyi tərəfindən hazırlanan Milli Qəhrəman Mübariz İbrahimovun xatirəsinə ithaf olunan "Müqəddəs zirvə" filmi və "Şəhidim" musiqi kompozisiyasının təqdimatı keçirilib.
SİA-nın verdiyi məlumata görə, təqdimatda çıxış edən millət vəkili, "Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu" İctimai Birliyinin sədri Qənirə Paşayeva hərbçi və əsgərləri bayram münasibətilə təbrik edib, onlara özünün ən xoş arzu və diləklərini çatdırıb: "Torpaqlarımızın işğaldan azad edilməsi uğrunda hər birinizə böyük uğur və müvəffəqiyyətlər arzu edirəm. Əziz hərbçi və əsgərlər, bu gün biz sizinlə ölkəmizin ön cəbhələrindən birindəyik. Bura Ermənistanla çox yaxın bir bölgədir. Bura ölkəmizin ön cəbhələrindən biridir. Siz ölkəmizi və bu ön cəbhəni çox layiqli və ləyaqətlə qoruyursunuz. Düşmən Ermənistanın bütün təxribatlarına, atəşkəsi pozaraq sivil insanları atəşə alma kimi vandalizm aktlarına, öz əkin sahələrində, həyətlərində çalışan insanları snayperlərlə hədəfə alma aktlarına, belə bir vəhşi hərəkətləri törədən qüvvələrin varlığına belə baxmayaraq siz layiqli şəkildə insanları qoruyursunuz . Siz öz ölkənizi təxribatlardan qoruyursuz. Bu gün bütün dünya və düşmən sizin simanızda Azərbaycan ordusunun gücünü və qüdrətini görür. Bu gün Azərbaycan və onun ordusu içərisində vətənini və ön cəbhələri qoruyan oğullar ən yüksək səviyyədə vətən üçün mübarizəyə və mücadiləyə hazırdır".
Millət vəkili torpaqlarımızın işğaldan azad olunacağı günün də çox yaxın olduğunu vurğulayıb: "Ali Baş komandan, prezident İlham Əliyev hər zaman bildirir ki, biz torpaqlarımızın bir qarışından belə vaz geçməyəcəyik, torpaqlarımızın bir qarışı nə bazarlıq mövzusu olmayacaq, nə də biz ondan bir qarış belə keçməyəcəyik. Əgər Ermənistan sülh yolu ilə razılaşmasa, Azərbaycan öz süveren hüqundan istifadə edib istənilən yolla torpaqlarını işğaldan azad edəcək. Arzu edirəm ki, gələn il bu bayramı Daglıq Qarabağımızda qeyd edək".
Bildirilib ki, Milli Qəhrəman Mübariz İbrahimovun xatirəsinə ithaf olunan "Müqəddəs zirvə" filmi və "Şəhidim" musiqi kompozisiyasının uşaqlar, yeniyetmələr, gənclər və əsgərlər arasında vətənpərvərlik ruhunu yüksəlmək məqsədilə hazırlanıb.
Hərbi hissə komandiri Mayis Bərxudarov əsgərləri salamladıqdan sonra hər zaman bu ölkə üçün vuruşmağa, çarpışmağa hazır olduğunu da vurğulayıb: "Ulu öndər Heydər Əliyevin qoyduğu bu yolu Ali Baş komandan İlham Əliyev siyasət yolunda davam etdirdiyi kimi, biz də hər zaman öz sözümüzü deməyə hazırıq. Bildiyiniz kimi, Tovuz rayonu da hal-hazrda düşmənlə qaynar olan nöqtələrdən biridir, amma deyim ki, digər bölğələrdə olduğu kimi Tovuz rayonu da etibarlı əllərdədir".
Tovuz rayon İcra Hakimiyyətinin başçısı Tofiq Zeynalov ilk öncə hərbçiləri, əsgərləri salamladı və 26 iyun – Silahlı Qüvvələr günü münasibətilə öz təbriklərini səsləndirib.
Təqdimatda iştirak edən Milli Qəhrəman Mübariz İbrahimovun atası Ağakərim İbrahimov da hərbçi və əsgərləri 26 iyun – Silahlı Qüvvələr günü münasibətilə təbrik edib və orduda Mübariz İbrahimov kimi hər zaman Vətən uğrunda şəhid olmağa hazır olan vətən oğullarının olduğunu bildirib.
Qeyd edək ki, böyük tirajla nəşr olunmuş "Müqəddəs zirvə" filmi və "Şəhidim" musiqi kompozisiyasının hərbi hissələrə, orta və ali təhsil məktəblərinə verilməsinə başlanılıb. "Müqəddəs zirvə" filmi Milli Qəhrəman Mübariz İbrahimovun keçdiyi qəhrəmanlıq yolundan bəhs edir.
Sözləri millət vəkili Qənirə Paşayevaya, müsiqisi Azərbaycanın əməkdar artisti Tünzalə Ağayevaya məxsus olan "Şəhidim" musiqi kompozisiyası isə Milli Qəhrəman Mübariz İbrahimovun timsalında Vətənimizin bütövlüyü uğrunda şəhid olmuş bütün vətən övladlarına ithaf olunur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB