“Müqəddəs zirvə” və “Şəhidim” ön cəbhədə təqdim olunacaq

Uşaqlar, yeniyetmələr, gənclər və əsgərlər arasında vətənpərvərlik ruhunu yüksəlmək məqsədilə "Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu" İctimai Birliyi tərəfindən iki ayrı layihə -Milli Qəhrəman Mübariz İbrahimovun xatirəsinə ithaf olunan "Müqəddəs zirvə" filmi və "Şəhidim" musiqi kompozisiyası hazırlanıb. SİA-nın məlumatına görə, böyük tirajla nəşr olunmuş "Müqəddəs zirvə" filmi və "Şəhidim" musiqi kompozisiyasının hərbi hissələrə, orta və ali təhsil məktəblərinə verilməsinə başlanılıb.


"Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu" İctimai Birliyinin hazırladığı Milli Qəhrəman Mübariz İbrahimovun xatirəsinə ithaf olunan "Müqəddəs zirvə" filminin və "Şəhidim" musiqi kompozisiyası ilk öncə geniş şəkildə əsgərlərə təqdim olunacaq və paylanılacaq. İlk tədbir 26 iyun Silahlı Qüvvələr günü münasibətilə ön cəbhədə yerləşən "N" saylı hərbi hissədə keçiriləcək. Mərasimdə millət vəkilləri, Qarabağ Müharibəsi Veteranlar Şurasının nümayəndələri, ictimai xadimlər, ziyalılar iştirak edəcəklər.


"Müqəddəs zirvə" filmi Milli Qəhrəman Mübariz İbrahimovun keçdiyi qəhrəmanlıq yolundan bəhs edir.


Sözləri millət vəkili, "Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu" İctimai Birliyinin sədri Qənirə Paşayevaya, müsiqisi Azərbaycanın əməkdar artisti Tünzalə Ağayevaya məxsus olan "Şəhidim" musiqi kompozisiyası isə Milli Qəhrəman Mübariz İbrahimovun timsalında, Vətənimizin bütövlüyü uğrunda şəhid olmuş bütün vətən övladlarına ithaf olunur.

Bütün xəbərlər Facebook səhifəmizdə