Dini Komitədə Ramazan ayı ilə əlaqədar tədbirlər planı hazırlanır

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən qarşıdan gələn Ramazan ayı ilə əlaqədar tədbirlər planı hazırlanır. SİA-nın xəbərinə görə, bunu komitə sədri Elşad İskəndərov jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, bu tədbirlər planı çərçivəsində həm maarifləndirmə işinin aparılması, eyni zamanda internet, sosial şəbəkələrdə fəaliyyətin gücləndirilməsi nəzərdə tutulur. E.İskəndərovun sözlərinə görə, komitənin yeni loqosunun hazırlanması ilə bağlı da elan verilib: "Sosial şəbəkələrdə bununla bağlı müsabiqə keçiriləcək. Gənc yaradıcı insanları, rəssamları müsabiqədə iştiraka dəvət edirik ki, Azərbaycanda tolerantlığın, dünyəvi modelin və bütün dinlərə, bizim milli-mənəvi dəyərlərimizə uyun olan loqo modelinin hazırlayıb komitənin ünvanına göndərsinlər. Biz ictimaiyyətin təqdim etdiyi loqonu özümüzə simvol seçəcəyik. Bundan əlavə, sosial şəbəkələrdə, internet məkanda həm maarifləndirmə, həm də komitənin gördüyü işlər barədə məlumatlar verəcəyik. Eyni zamanda, əhalinin komitəyə ünvanladığı təkliflər, müraciətlər müzakirə ediləcək".

Komitə sədri qeyd edib ki, hazırda qurum tərəfindən 2 istiqamətdə iş aparılır. Onun sözlərinə görə, bunlardan biri maarifləndirmə və sosial şəbəkələrdə məlumatların yayaılmasıdır. Konkret bunların həyata keçirilməsi mexanizmi bu ilin Ramazan ayından başlanacaq və silsilə tədbirlər keçiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə