“Beynəlxalq Əlillər Cəmiyyəti” layihə həyata keçirir

"Beynəlxalq Əlillər Cəmiyyəti" İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə "Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Cəzaçəkmə Müəssisələrində cəzaçəkən əlil məhbuslar və onların himayəsindəki xüsusi qayğıya ehtiyacı olan ailə üzvlərinin sosial problemlərinin həllinə ictimai dəstək" adlı layihəsinin həyata keçirir.


Layihənin həyata keçirilməsində əsas məqsəd Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Cəzaçəkmə Müəssisələrində cəzaçəkən əlil məhbusların və onların himayəsindəki xüsusi qayğıya ehtiyacı olan ailə üzvlərinin tibbi, sosial reabilitasiyası ilə yanaşı əmək və məişət şəraitinin yaxşılaşdırılması ilə əlaqədar maarifləndirmə işi aparmaqdan, onların cəmiyyətə mümkün qədər çox inteqrasiya etmələrinə kömək etməkdən ibarətdir.


Layihə çərçivəsində İB-in əməkdaşları indiyədək 14, 4, 7, 10 Cəzaçəkmə Müəssisələrində olmuş, əlil məhkumların ailələrində olan problemləri qeydiyyata götürmüşdür. İB-in əməkdaşları bu yaxınlarda bir neçə məhbus ailələrində olmuş, onların problemləri ilə yaxından tanış olub.


22 iyun 2012-ci il tarixində İctimai Birlik tərəfindən "Səs" İnformasiya Agentliyində həmin layihənin gedişinə həsr edilmiş Mətbuat Konfransı keçirilib. Layihənin direktoru Tahir Xudiyev layihənin icrası zamanı məhkumların söylədikləri problemlərinin həlli ilə bağlı gördükləri işlərdən danışdı. Öz hüquqlarını bilmədikləri üçün məhkum ailələri qarşılaşdıqları məmur özbaşınalıqlarından, cəmiyyətdə məhbus ailəsi kimi onlara pis baxıldıqları barədə danışıblar.


İctimai Birlik tərəfindən problemlərinin həllinə dəstək verilmiş məhkum ailələrinin üzvləri Tovuz və Ağdaş rayonundan zəng edərək öz təşəkkürlərini bildiriblər.


Mətbuat Konfransında Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Tərbiyə işinin təşkili idarəsinin böyük inspektoru, ədliyyə mayoru Natəvan Tahirova, Ombudsman Aparatının əməkdaşı Vüqar Məhərrəmov çıxış edərək bu layihənin həyata keçirilməsini təqdirəlayiq hesab ediblər. Tədbirdə iştirak edən məhkum ailələrinin üzvləri bildiriblər ki, bu yeganə təşkilatdır ki, bizim qapımızı açıb problemlərimizlə maraqlandı və bu sosial problemlərinin həllinə dəstək olub. Bu hələ də bizə yuxu kimi gəlir.


Sonda Tahir Xudiyev çıxış edərək söyləyib ki, həyata keçirdiyimiz bu layihəmiz öz səhvləri üzündən törətdiyi cinayətə görə cəzalandırılan məhkumların ailələrinə dövlət tərəfindən göstərilən diqqət və qayğının bir nümunəsidir.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...