“İşğal altında” kompyuter oyununun təqdimat mərasimi keçiriləcək

26 iyun Azərbaycan Silahlı Qüvvələrinin yaranması gününə həsr olunmuş "İşğal altında" kompyuter oyununun təqdimat mərasimi keçiriləcək. Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, əsas hədəfi Şuşa şəhərini işğalçılardan azad etməkdən ibarət olan "İşğal altında" kompyuter oyunu döyüş janrında hazırlanaraq, Qarabağ müharibəsini əks etdirir. Oyunun qrafikası Qarabağın, həmçinin Şuşa şəhərinin görüntüləri üzərində qurulub.


Oyunçuların döyüş bacarığını artırmaqla yanaşı ölkəmizin tarixini də öyrənməyə imkan yaradacaq olan bu oyun gənclərin və yeniyetmələrin hərbi-vətənpərvərlik tərbiyəsinə müsbət təsir göstərəcək. Kompyuter oyunu 2 il müddətinə müxtəlif universitetlərdə təhsil alan tələbələr tərəfindən hazırlanıb və keyfiyyətinə görə dünyaca məşhur olan döyüş oyunlarına yaxındır. "İşğal altında" kompyuter oyunu mövcud olan heç bir döyüş oyununun yenidən işlənmiş və ya modifikasiya edilmiş forması deyildir. Oyunun rəhbəri və ideya müəllifi Azərbaycan Dövlət Neft Akademiyasının tələbəsi Fərid Haqverdiyev, musiqi tərtibatçısı isə gənc bəstəkar Aqşin Əlizadədir.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...