“Səs” qəzetinin redaksiyasında Silahlı Qüvvələr Gününə həs olunmuş dəyirmi masa keçirilib
"Səs" qəzetinin redaksiyasında 26 iyun Silahlı Qüvvələr Gününə həs olunmuş dəyirmi masa təşkil olunub. SİA-nın məlumatına görə, tədbirdə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Ehtiyatda Olan Zabitlər Birliyinin sədri, general-mayor Dadaş Rzayev, "Tərxis olunmuş hərbiçilərin gəncləri maarifləndirmə" İctimai Birliyinin sədri Emin Həsənli, həmin birliyin üzvü Məhəmməd Əliyev, "Hərbi and" qəzetinin əməkdaşı, keçmiş döyüşçü Füzuli Rzaquliyev, Azərbaycan Vətən Müharibəsi Veteranları Birliyinin sədri Oruc Məmmədov iştirak edib.
Tədbiri giriş sözü ilə açan "Səs" qəzetinin əməkdaşı Rövşən Nurəddinoğlu qeyd edib ki, hər il olduğu kimi bu il də Azərbaycanda 26 iyun Silahlı Qüvvələr Günü kimi qeyd edilir: "1918-ci ildə Azərbaycan Demokratik Cümhuriyyəti yarandıqdan sonra ordu quruculuğuna başlanılıb. Bu baxımdan 1918-ci il 26 iyun tarixində Milli Ordunun yaradılması barədə fərman verilib. 23 ay müstəqilliyini qoruyub saxlayan Azərbaycan Rusiyanın işğalına məruz qalıb. Lakin 1991-ci ildə Azərbaycan öz müstəqilliyini yenidən qazanıb. 90-cı illərin ilk illərində Azərbaycanı bir ölkə kimi məhv etmək istəsələr də xalq yenidən bir araya gələrək qan bahasına öz müstəqilliyini qazanıb. 1992-ci il 18 sentyabr tarixli Fərmanı ilə oktyabrın 9-u Azərbaycan Silahlı Qüvvələr Günü kimi elan edilib. Lakin 22 may 1998-ci il ulu öndər Heydər Əliyev tərəfindən fərmanı ilə həmin fərman qüvvədən düşürülərək 26 iyun tarixi Silahlı Qüvvələr günü elan edilib. Tarixin dəyişdirilməsi ilə yaxın keçmiş tariximizin günü yenidən bərpa edildi. Artıq Azərbaycan Silahlı Qüvvələrinin yaranmasından 94 il keçir".
Son vaxtlar cəbhə bölgəsindəki vəziyyətə toxunan, ehtiyatda olan hərbiçi, general-mayor Dadaş Rzayev bildirib ki, ermənilər bir neçə müddətdir ki, intensiv olaraq atəşkəsi pozurlar: "Azərbaycan ordusu bunlara layiqli cavab verir və verməkdədirlər. Eyni zamanda bizim silahlı qüvvələrimiz elə bir ordudur ki, nəinki Qafqazın, hətta MDB dövlətləri içərisində ən güclü ordulardan biridir. Bizim ordumuz bu gün tam müasir standartlara cavab verən hərbi texnika ilə təchiz olunub. Yeni tanklar, təyyarələr, müasir silah-sursat və digərlərini buna misal göstərmək olar".
"Tərxis olunmuş hərbiçilərin gəncləri maarifləndirmə" İctimai Birliyinin üzvü Məhəmməd Əliyev çıxışı zamanı deyib ki, Azərbaycan ordusunun yaranması tarixi 94 il bundan öncəyə təsadüf etsə də ötən əsrin 90-cı illərin əvvəllərində müstəqillik qazanan Azərbaycanda Ali Sovetin qərarı ilə oktyabr ayının 9-u milli ordu günü kimi qəbul olunub: "Lakin Azərbaycan Ordusunun formalaşması 1993-cü ilə Ulu Öndər Heydər Əliyevin hakimiyyətə gəlişindən sonrakı mərhələdə baş verib.
"Tərxis olunmuş hərbiçilərin gəncləri maarifləndirmə" İctimai Birliyinin sədri Emin Həsənli isə onu diqqətə çatdırıb ki, xalqımızın milli təfəkküründə orduya bağlılıq çox yüksək səviyyədə olub. Xalq hər bir övladını sevə-sevə şəhid verib. 1990-cı ilin yanvarında, Qarabağ müharibəsində xalqımız yüzlərlə şəhid verdi. Bu gün bizim hər kəndimizdə, qəsəbəmizdə, şəhərimizdə şəhidliyimiz var. Bu mübarizədə ən çox haqqı olan bizim şəhid ailələrimizdir".
Dəyirmi masada digər çıxış edənlər də silahlı qüvvələr gününün önəmindən söhbət açıblar. Eyni zamanda qeyd olunub ki, bu gün ordu günüdür, inşallah torpaqlarımız işğaldan azad olunacaq və biz qələbə gününü də qeyd edəcəyik.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB