Yenə təhlükəli ilanlar baş qaldırıb- ARAŞDIRMA

Yenə təhlükəli ilanlar baş qaldırıb- ARAŞDIRMA

Çox isti olan bölgələrdə ilanlar həddindən artıq çox olur...

Havaların istiləşməsi canlıları cana gətirdiyi kimi, ilanların da bu isti havalarda çoxalmasına səbəb olub. Heç kimə sirr deyil ki, havalar istiləşdikcə respublikamızın müxtəlif yerlərində, xüsusən də çox isti keçən bölgələrdə ilanlar həddindən artıq çox olur. Bu da təsadüfi deyil, çünki ilan istini həddindən artıq çox sevir və özünü günə vermək istəyir. SİA isti yay günlərində ilan vurması ilə bağlı araşdırma aparıb. Araşdırma zamanı ilan sancmanın qarşısı necə alınmalıdır və hansı ilkin tibbi yardım göstərilməlidir suallarına cavab tapmağa çalışdıq.

Aprel ayından bu günə kimi 48 ilan vurma faktı qeydə alınıb....

Əlbəttə, ilanların son zamanlar çoxalması və insanları sancması narahatlıq yaratmaya bilməz. Aprel ayından etibarən 48 ilan vurma faktı qeydə alınıb. Bu müraciətlərin 60%-i ağır olub, 40%-i isə orta və yüngül vəziyyətlə qiymətləndirilib.

Keçən mövsümlə müqayisə etsək, bu mövsüm müraciətlərin sayı 15% artıb....

Klinik Tibbi Mərkəzin toksikologiya şöbəsinin müdiri Azər Maqsudov açıqlamasında bildirib ki, ilan vurma ilə bağlı Səhiyyə Nazirliyi tərəfindən lazımı qədər zərdab təşkil olunub. Zərdablar Fransa istehsalıdır, qısa zamanda öz təsirini göstərir. Keçən mövsümlə müqayisə etsək, bu mövsüm müraciətlərin sayı 15% artıb.

Azərbaycanda ən çox təsadüf olunan zəhərli ilan növləri gürzə və əfi ilanlardır....

Azərbaycanda ən çox təsadüf olunan zəhərli ilan növləri gürzə və əfi ilanlardır. Bunlar da həddindən artıq zəhərli olurlar. Yəni həmin ilanların çaldığı insana qısa zaman kəsiyində lazımi zərdablar vurulmasa və həkim köməkliyi göstərilməsə, o adamın vəziyyəti ağırlaşar, hətta ölə bilər. Deməli, bu cür zəhərli ilanlardan qorunmaq üçün regionlarda yaşayan insanlar və eləcə də kənd təsərrüfatı ilə məşğul olan adamlar diqqətli olmalıdır. Bu ilan növləri ən çox Kürdəmir, Ucar, Göyçay, Yevlax, Ağcabədi, Beyləqan, Salyan, Neftçala rayonlarında daha çox olur. Eyni zamanda həmin zəhərli ilanlara Bakının kəndlərində də tez-tez rast gəlmək mümkündür.

İlan çalan adamların yarasını çərtmək, sormaq olmaz...

Təcili Tibbi Yardım Stansiyasının baş həkimi Mürsəl Həmidov əhaliyə xəbərdarlıq edərək bildirir ki, ilan çalan adamların yarasını çərtmək, sormaq olmaz.Ən yaxşı halda, onun üstünü tənziflə örtmək, yaxud da buz qoymaq lazımdır. Başqa tədbirlərin görülməsi xəstənin sonradan vəziyyətinin ağırlaşmasına gətirib çıxara bilər. 24 saat müddətində bu cür xəstələrə bütün lazımi tibbi yardım göstərilməli və o cümlədən vaksinlər vurulmalıdır. 24 saatdan sonra isə gecikdirilən xəstənin vəziyyəti ağırlaşa bilər.

Təsərrüfatçılar uzunboğaz çəkmələrdən və rezin əlcəklərdən istifadə eləməlidir....

İsti iyul və avqust günləri hələ qabaqdadır. Həmin günlərdə isə ilanların sayı daha da çoxalır və hətta bəzi zəhərli ilanlar şosse yollarına çıxaraq özlərini günə verirlər. Üstəlik də həmin aylarda kənd təsərrüfatı işlərinin qızğın çağlarıdır. Təbii ki, otlaq sahələri, kol-kos, əkin-biçin yerlərində zəhərli ilanların olması daha çox ehtimal olunur. Ona görə də təsərrüfatçılar əkin-biçin işlərini görərkən uzunboğaz çəkmələrdən və rezin əlcəklərdən istifadə eləməlidir. Çünki həmin qoruyucu vasitələr insanın əynində olanda ilan onu çalsa da zəhərini həmin rezin çəkməyə tökür. Nəticədə isə hər hansı bir insan ilan vurmasından canını qurtarmış olur.

Sovet hökuməti dağılan kimi ilan zəhəri istehsal edən zavod da məhv olub getdi...

Çox qəribədir ki, bu gün dünyada ən bahalı dərmanlardan biri ilan zəhəridir. Vaxtilə Bakının Zirə qəsəbəsində ilan zəhəri istehsal edən zavod vardı. Sovet hökuməti dağılan kimi həmin zavod da məhv olub getdi.

Əhalinin zəhərli ilanlardan özlərini qoruması üçün yetərincə məlumatları yoxdur....

Əhalinin zəhərli ilanlardan özlərini qoruması üçün yetərincə məlumatları yoxdur. Yəni insanların çoxu bilmir ki, ilan çalan zaman xəstəyə hansı yardımı göstərmək lazımdır. Çoxlarının yadında \"Qaraca qız\" filmindəki qaraçı qız qalıb. Orda zəhərli ilan bəyin qızını çalır, qaraca qız isə zəhərli nahiyəni sorub zəhəri çıxarır. Sonra isə özü zəhərlənib ölür. Buna görə də filmdəki aqibəti yaşamamaq üçün insanlar bu sahədə maariflənməli və bir çox bilgiyə nail olmalıdır. Onlar bilməlidirlər ki, hər hansı insanı ilan çalarkən ona ilk yardımı necə göstərmək olar. İlk yardım da bundan ibarətdir ki, həmin xəstənin ilan çalan nahiyəsinə təmiz tənzif qoyulur və onu vaxt keçmədən xəstəxanaya çatdırırlar. Bundan sonrakı iş həkimlərin öhdəsinə düşür.

Bütün xəbərlər Facebook səhifəmizdə