Elçin Mirzəbəylinin “Poz bu sükutu” adlı kitabı təqdim edildi

Bu gün Mətbuat Şurasında "Xalq Cəbhəsi" qəzetinin baş redaktoru, yazıçı-publisist Elçin Mirzəbəylinin "Poz bu sükutu" adlı kitabının təqdimatı keçirilib. SİA-nın məlumatına görə, Mətbuat Şurasının sədri Əflatun Amaşov bildirib ki, "Xalq Cəbhəsi" qəzeti ölkədə baş verən bütün hadisələri operativ işıqlandıran mətbuat orqanıdır və Elçin Mirzəbəyli də belə bir orqana baş redaktorluq edir:"Biz onu daha çox istedadlı və peşəkar jurnalist kimi tanımışıq. Elçin Mirzəbəyli digər tərəfdən yazıçı kimi də ciddi və siyasi hadisələrə reaksiya verir. Yazıçı yeni kitabında isə oxucularının görüşünə şair kimi gəlib. Yaxın zamanlarda Elçin Mirzəbəylinin 45 yaşı qeyd olunacaq və bu münasibətlə də yazıçını təbrik edir, ona gələcək işlərində və fəaliyyətində uğular arzulayırıq".

Millət vəkili Aqil Abbas çıxışında bildirib ki, Elçin Mirzəbəyli əsasən uzaqgörən ictimai-siyasi xadim kimi tanınır. Lakin son zamanlar onu yazıçı və publisistik şair kimi də tanımağa başlamışıq

Daha sonra millət vəkili Qüdrət Həsənquliyev bildirib ki, Elçin Mirzəbəyli özünü etibarlı insan və güvənilən dost kimi tanıdıb: "Onun şeirlərində də bütün gözəlliklər və ictimai-siyasi hadisələr öz əksini tapıb".

Tədbirin davamında İradə Tuncay, Vüqar Rəhimzadə, Rəşad Məcid və digər mətbuat orqanın rəhbərləri öz təbriklərini çatdıraraq ona gələcək fəaliyyətində müvəffəqiyyətlər arzulayıblar.

Qeyd edək ki, "Poz bu sükutu" adlı kitabı yazıçı publisist Elçin Mirzəbəylinin müxtəlif illərdə yazdığı şeirlər və publisistik məqalələr toplusudur. Üç kitab müəllifi olan Elçin Mirzəbəyli sonuncu dəfə oxucuların görüşünə 10 il öncə "İtirilmiş vaxtın adamı" kitabı ilə gəlib.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...