Respublika İdman Tibb Mərkəzinin təməli qoyuldu

Respublika İdman Tibb Mərkəzinin təməli qoyuldu

Bu gün Gənclər və İdman Nazirliyinin dəstəyilə Respublika İdman Tibb Mərkəzinin təməlqoyma mərasimi keçirilib. SİA-nın məlumatına görə, tədbirdə gənclər və idman naziri Azad Rəhimov, Nərimanov rayon icra hakimi Abdin Fərzəliyev iştirak edib. İlk öncə gənclər və idman naziri Azad Rəhimov, Nərimanov rayon icra hakimi Abdin Fərzəliyev İdman Tibb Mərkəzinin layihəsilə tanış olub. Daha sonra nazir həyata keçirilən layihənin idmançılarımıza yüksək səviyyədə xidmət göstərəcəyini deyib: "Bildiyimiz kimi, bu il idman ilidir və bu səbəbdən də idmana dövlət tərəfindən xüsusi diqqət ayrılır. Tibb İdman Mərkəzinin tikilməsi də bu diqqətin bir göstəricisidir. Mərkəzdə yüksək standartlara cavab verən müasir avadanlıqlardan istifadə olunacaq".


Nərimanov rayon icra hakimi Abdin Fərzəliyev də idman ilində bu layihənin həyata keçirilməsinin ölkə üçün uğurlu olacağını bildirib. "İdmanın əsas meyarlarından biri də bu sahədə tibbin inkişaf etdirilməsidir. İdman Tibb Mərkəzinin yaradılması idmançılar üçün böyük bir hadisədir. Onların gələcəkdə də sağlam olmaları və daha yaxşı nəticələr əldə etməsi üçün bu layihə əvəzolunmazdır",-deyə o əlavə edib.


Tədbirin sonunda layihənin təməlqoyma mərasimi keçirilib.


Məlumat üçün bildirək ki, Respublika İdman Tibb Mərkəzinin tikintisi üçün Bakı şəhər İcra Hakimiyyəti tərəfindən Nərimanov rayonu, Olimpiya küçəsində 0,2365 ha torpaq sahəsi ayrılıb. Tikinti işləri Gənclər və İdman Nazirliyi tərəfindən həyata keçiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə