Beşillik Strateji Plan hazırlanır

Məlum olduğu kimi, Azərbaycan Respublikasının Hökuməti ilə Dünya Bankı arasında imzalanmış Kredit sazişinə əsasən 2007-ci ildən etibarən Azərbaycan Respublikasında "Daşınmaz Əmlakın Qeydiyyatı Layihə"si həyata keçirilir. Daşınmaz Əmlakın Qeydiyyatı Layihəsinin icraçı təşkilatı kimi Əmlak Məsələləri Dövlət Komitəsi çıxış edir.


SİA-nın verdiyi məlumata görə, layihənin başlıca məqsədi ölkədə daşınmaz əmlak bazarını, habelə dövlət əmlakının idarə edilməsi və istifadəsini dəstəkləyən daşınmaz əmlakın etibarlı, şəffaf və səmərəli qeydiyyatını təmin etməkdir. Ümumiyyətlə, bu layihə daşınmaz əmlak bazarına və bütün daşınmaz əmlak sahiblərinə dəstək verəcək. Layihə Azərbaycanda daşınmaz əmlakdan istifadə və ipoteka məqsədləri üçün məsələləri həll etməyə yardım edəcək, mülkiyyət hüquqlarının şəffaflığı və təhlükəsizliyini daha da təkmilləşdirəcəkdir. Layihə daşınmaz əmlak əqdlərini sürətləndirəcək və daşınmaz əmlak kadastrı və qeydiyyatı ilə bağlı xərclərin azalmasını hədəf götürəcəkdir. Layihə daşınmaz əmlak agentləri, mərzçəkənlər və hüquqşünasların işinə yardım edəcək və bu sahələr üzrə özəl sektorun inkişafına kömək edəcəkdir. Digər bir məqsəd dövlət əmlakının idarə edilməsinin səmərəliliyini artırmaq və ölkədə daşınmaz əmlakın özəlləşdirilməsi üzrə müxtəlif proqramların dəstəklənməsini davam etdirməkdir Bu məqsədlərin bir çoxu informasiya texnologiyası və elektron hökumət təşəbbüsləri ilə əlaqə vasitəsi ilə daşınmaz əmlak bazarı informasiyasına çıxışı təmin etməklə dəstəklənəcəkdir.


Layihə çərçivəsində müştərilərin məmnunluq səviyyəsinin artması və bununla da daşınmaz əmlak üzərində bütün hüquqi əməliyyatların sayında artması gözlənilir. Bu nəticələr yeni sistemə daxil edilən daşınmaz əmlak obyektlərinin, alqı-satqı, ipoteka və icarə əməliyyatlarının sayı üzrə həyata keçiriləcək müntəzəm statistik araşdırmalar vasitəsilə təhlil olunacaq. Layihə həmçinin əmlakın qiymətindəki artımı və ipoteka krediti üzrə verilən cəmi pul məbləğlərinin təhlilini də həyata keçirəcək. Müştərilərin məmnunluq səviyyəsi müştəri sorğuları vasitəsilə təyin olunacaq. Bu nəticələrin digər iqtisadi göstəricilərlə müqayisə olunması nəticəsində layihənin Azərbaycan Respublikasının ümumi iqtisadi inkişafına nə dərəcədə təsir etdiyi də qiymətləndiriləcəkdir.


Bunlarla yanaşı Dünya Bankının dəstəyi ilə həyata keçirilən Daşınmaz Əmlakın Qeydiyyatı Layihəsi çərçivəsində Əmlak Məsələləri Dövlət Komitəsinin fəaliyyətinin daha da təkmilləşdirilməsi ilə bağlı da işlər görülür. Bu məqsədlə, Əmlak Məsələləri Dövlət Komitəsi üçün beynəlxalq məsləhətçilərin iştirakı ilə Beşillik Strateji Planın və Birillik Fəaliyyət Planının hazırlanmasına başlanıb. Bu istiqamətdə bir sıra inkişaf etmiş Avropa ölkələrinin aidiyyəti qurumlarının fəaliyyətləri ilə tanış olunmuş və təcrübə mübadiləsi həyata keçirilib.


Layihəyə uyğun olaraq Əmlak Məsələləri Dövlət Komitəsi üçün 2012-2013-cü illərdə daşınmaz əmlakın qeydiyyatı, vahid kadastrı və dövlət əmlakının idarə edilməsi sahələrində planlaşdırma, resursların səfərbər olunması və maliyyələşdirmə, komitənin əsasnaməsi ilə müəyyən edilmiş fəaliyyətin icrası zamanı səmərəlilik və effektivliyinin daha da artırılmasının dəstəklənməsi məqsədilə Biznes Planın hazırlanması və Korporativ Strategiyasının formalaşdırılması nəzərdə tutulub.


Strateji Plan komitə tərəfindən xidmətlərin göstərilməsi (xidmət standartları daxil olmaqla), kadr resurslarının inkişafı, texniki planlar, İT strategiyaları, əsas vəzifələrə nail olmaq üçün ümumi maliyyələşdirmə variantları və ictimaiyyətə davamlı və qənaətcil xidmətlərin göstərilməsi sahəsində korporativ strategiyanın hazırlanmasını əhatə edəcək.


Beşillik Strateji Planın hazırlanması çərçivəsində komitədə daxili idarəetmənin təkmilləşdirilməsi, komitə və onun qurumlarında idarəetmədə səmərəli və şəffaf fəaliyyət mexanizmlərinin tətbiq edilməsi, daşınmaz əmlakın qeydiyyatı və kadastrı sistemlərinin davamlı fəaliyyəti üzrə biznes planların hazırlanması və xidmətlə bağlı standartların inkişaf etdirilməsi nəzərdə tutulur. Eyni zamanda bu layihə çərçivəsində komitədə institusional dəyişikliklər üçün


seçimlərə dair təkliflər hazırlamaq, insan resurslarının idarə edilməsi və inkişafı ilə bağlı araşdırmalar həyata keçiriləcəkdir. Həmçinin, ehtiyac və tələblər də daxil olmaqla, məqsəd və vəzifələri dəstəkləmək üçün strategiyaların hazırlanmasını əlaqələndirmək, investisiyalar və büdcə tərtibatı prosesləri üzrə ən yaxşı təcrübələri tətbiq etmək kimi işlər həyata keçiriləcəkdir.


Eyni zamanda, daşınmaz əmlakın qeydiyyatı və idarə edilməsi ilə bağlı tarif və qiymətləndirmə siyasətlərinin nəzərdən keçirilməsi, ən yaxşı beynəlxalq təcrübələrlə müqayisə edilməsi, davamlı fəaliyyət üçün bu istiqamətdə təkliflərin hazırlanması nəzərdə tutulur.


Beşillik Strateji Planın və Birillik Fəaliyyət Planının 12 ay müddətində hazırlanması nəzərdə tutulur.


Artıq Beşillik Strateji Planın və Birillik Fəaliyyət Planının hazırlanması üzrə əsas beynəlxalq məsləhətçinin və digər məsləhətçilər müəyyən edilib. Bu məqsədlə beynəlxalq məsləhətçilərin ölkəmizə ilk səfəri olub. İlk səfərin məqsədi - ilkin məlumatların araşdırılması və işlərin planlaşdırılmasından ibarətdir.


Səfər çərçivəsində Əmlak Məsələləri Dövlət Komitəsinin Aparatında və tabeliyində olan qurumlarda işgüzar görüşlər keçirilmiş və komitənin müxtəlif istiqamətlərindəki fəaliyyətləri öyrənilib.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...