Son beş ayda respublika ərazisində 1035 yol qəzası qeydə alınıb

Son beş ayda respublika ərazisində 1035 yol qəzası qeydə alınıb
Ümumilikdə respublika ərazisində 5 ay ərzində 1035 yol qəzası qeydə alınıb ki, nəticədə 313 nəfər ölüb, 1144 nəfər yaralanıb. Bu qəzaların 429-u paytaxtda baş verib. Həmin qəzalarda da 104 nəfər ölüb, 503 nəfər isə yaralanıb. Bunu SİA-aya açıqlamasında Respublika Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Kamran Əliyev deyib.


Onun sözlərinə görə, son vaxtalar yay mövsümü ilə əlaqədar paytaxt Bakıda, eləcə də rayonlararası yollarda nəqliyyatın hərəkət intensivliyi daha çox artıb. Məhz bu səbəbdən də nəqliyyatın çoxluğu, sürücülər arasında bəzilərinin intizamsız olması nəticədə yol-nəqliyyat hadisələrini qaçılmaz edir: "Qəzaların əksəriyyəti əsasən toqquşmalar nəticəsində qeydə alınmışıdır ki, bu da ümumi qəzaların 37,5 faizini təşkil edir. Belə ki, 389 toqquşma nəticəsində 100 nəfər həlak olub, 527 nəfər yaralanıb. Digər qəzalar isə piyadaların vurulması ilə nəticələnən qəzalardır. Bu ümumi qəzaların təxminən 36,4 faizini təşkil edir. Belə ki, bu qəzalardan 377-si piyadaların vurulması ilə nəticələnib ki, burada 106 piyada həlak olub, 301 nəfər isə yaralanıb. Bununla belə sürət həddinin aşılmasına görə, 277 qəza qeydə alınıb, həmin qəzalarda da 111 nəfər dünyasını dəyişib, 274 nəfər isə yaralanıb. Bu qəzalarda ümumi qəzların 26,7 faizini təşkil edir. Sərxoş sürücülər tərəfindən 5 ay ərzində 35 qəza törədilib, bu qəzalarda da 14 nəfər ölüb, 36 nəfər isə yaralanıb. Sərxoş sürücülərin törətdiyi qəzalarda ümumi qəzaların 3,3 faizini təşkil edir\".


Şöbə rəisi qəzaların sayının çox olmasına baxmayaraq ötən ilin müvafiq dövrü ilə nisbətdə qəzaların sayının 152 fakt azaldığını bildirib: "Belə ki, ölənlərin sayında 10, yaralananların sayında 156 fakt azalma müşahidə olunub. Bakı şəhəri üzrə ümumi qəzlarda 189, ölənlərin sayında 34, yaralananların sayında isə 168 fakt azalma vardır".

Bütün xəbərlər Facebook səhifəmizdə