Tələbələr Birliyinin sədri: \"Şirkətlər tələbələrlə bağlı layihələrdə maraqlı deyil\"

Azərbaycan Tələbələr Birliyi dünyanın ən böyük tələbə mübadiləsi təşkilatı olan İAESTE-nin (The International Association for the Exchange of Students for Technical Experience) Azərbaycandakı yeganə assosiativ üzvüdür. İAESTE tələbələr üçün hər il dünyanın 100-ə yaxın ölkəsində 4000 iş yerində təcrübə proqramı təqdim edir. Təcrübə proqramları xarici ölkələrin müxtəlif şirkət və universitetlərində təşkil edilir. Bu proqramlardan azərbaycanlı tələbələrin də yararlanmaq imkanı mövcuddur.

SIA olaraq artıq 2 illik İAESTE fəaliyyəti ilə bağlı Azərbaycan Tələbələr Birliyinin sədri Elvin Aslanovun fikirlərini öyrəndik. Elvin Aslanovun sözlərinə görə, artıq hər kəsə məlumdur ki, tələbənin təcrübə keçməsi üçün 2 yer var – universitet və ya şirkət: \"Azərbaycanda universitetlərin çoxunda maddi-texniki vəziyyət o dərəcədə güclü olmadığına və universitetlər heç bir halda xaricdən gələn tələbənin qalmaq, yemək xərclərini qarşılaya bilmədiklərinə görə biz daha çox şirkətlərlə işləməyi üstün tutmuşuq. Amma, nə edək ki, 2 il ərzində demək olar ki, heç bir şirkətdən bu proqramla bağlı müsbət reaksiya ala bilməmişik. 2 il ərzində 5 tələbəmizi Almaniya, Türkiyə, Çin kimi ölkələrə maliyyə, biologiya, menecment, kompyuter mühəndisliyi ixtisaslarında təcrübə proqramlarına göndərmişik. Azərbaycanda isə yalnız 1 nəfər xarici tələbəni qəbul etmişik. Ölkəmizdə olan yerli və xarici şirkətlər başa düşə bilmirlər ki, onların qəbul etdiyi xarici tələbəyə görə 1 azərbaycanlı tələbəsi də öz ixtisasında xaricdə təcrübə proqramı keçəcək. Həmin azərbaycanlı tələbə Azərbaycana döndükdən sonra artıq lazımlı ixtisaslı kadra çevriləcəkdir. Yəni, şirkət xarici tələbəni qəbul etməklə, dolayısı ilə Azərbaycanın təhsil sisteminə, Azərbaycanın gələcək kadr potensialına yatırım etmiş olur. Təssüflər olsun ki, bu hələ də şirkətlərin korporativ sosial məsuliyyət siyasətlərinə yad bir məfumdur. Ümumiyyətlə, şirkətlər tələbələrlə bağlı layihələrdə maraqlı deyil."

Sonda Elvin Aslanov qeyd edib ki, onlar hələ də şirkətlərin İAESTE proqramı ilə yaxından maraqlanacağına və Azərbaycanın gələcək kadr potensialının güclənməsinə dəstək olacaqlarına inanırlar.

Bütün xəbərlər Facebook səhifəmizdə