Yaxın vaxtlarda artıq tamamilə erməni resursuna çevrilmiş REGNUM informasiya agentliyinin saytında Anuş Levonyanın "Paris danışıqlarında uğursuzluq Qarabağda müharibənin yenidən başlanması riskini artıracaqdır" adlı məqaləsi dərc edilmişdir (bax: www.regnum.ru/news/polit/1542377.html)./AzərTAc/
Bu məqalə də saxtalaşdırılmış informasiya ilə doludur. Agentliyin domeninin ".ru" olması və onun Rusiya ərazisində qeydiyyata alınması hələ həmin agentliyin Rusiyaya məxsus olması və "neytral" materiallar dərc etməsi demək deyildir. Buna görə də biz Levonyanın məqaləsinə cavabımızı erməni resursu olan REGNUM agentliyinə göndərməyəcəyik (onun sahibi R.Koçaryan, baş redaktoru V.Akopyan, məqalənin müəllifi A.Levonyandır; "dağlıq qarabağ respublikası" sözlərini heç vaxt dırnaq işarəsi arasına almırlar, "erməni soyqırımı" fakt kimi təqdim edilir və böyük hərflə yazılır; buna görə də, necə deyərlər, şərhə ehtiyac yoxdur). Xüsusən ona görə ki, həm müəllif, həm də Yerevanın Rusiyalı kazimirovlar, zaxarovlar, stupişinlər, zatulinlər kimi podratçıları bizim yazılarımızı müntəzəm izləyirlər və REGNUM-dan bizim cavabımızı dərc etməsini xahiş etməyə elə bir ehtiyac yoxdur.
Levonyan məqaləsinin lap əvvəlində belə bir fərziyyə irəli sürür ki, ABŞ dövlət katibi Hillari Klintonun "yeni yanaşmaları" Yerevan tərəfindən yaradılmış və oradan idarə edilən, müəllifin dırnaqsız-filansız "Dağlıq Qarabağ Respublikası" adlandırdığı (gülməlisi odur ki, Levonyan lovğa-lovğa müxtəlif beynəlxalq sənədlərə, o cümlədən ATƏT-in sənədlərinə istinad edir, halbuki mətnində "Dağlıq Qarabağ Respublikası" frazası olan heç bir sənədi nümunə gətirə bilmir) oyuncaq xuntanı danışıqlar stolu arxasına "qaytarmaq" (əslində isə əyləşdirmək) təklifindən ibarət ola bilər. Görünür, madam Levonyan öz arzularını gerçəkliklə dolaşıq salır. Hərçənd, o özü lap yaxşı bilir ki, bu, nə Parisdə olacaq, nə də hər hansı başqa yerdə - heç yerdə və heç vaxt olmayacaq! Onun belə bir fərziyyə səsləndirməsinin məqsədi növbəti dəfə "DQR-in danışıqlar stolu arxasına qaytarılması", "ATƏT-in Budapeşt sammiti tərəfindən təsdiq edilmiş üçtərəfli format" və sair cəfəng sayıqlamalar yaymaq və axtarış sistemlərini belə ifadələrlə zibilləməkdir. Görünür, o fikirləşir ki, bu sayıqlamalar bəlkə də təsir edəcəkdir.
Bu isə heç vaxt olmayacaq, ona görə ki, Ermənistandan fərqli olaraq dünyada heç vaxt belə hallusinasiyadan əziyyət çəkməyiblər ki, guya bu oyuncaq rejim haçansa "üçtərəfli danışıqlar prosesində bərabərhüquqlu tərəf" kimi iştirak etmişdir. Bu, heç vaxt olmamışdır və olmayacaqdır. Danışıqların formatı heç vaxt Beykerin təklif etdiyi 2+2 variantından kənara çıxmamış, Azərbaycanın Dağlıq Qarabağ regionunun erməniləri isə heç vaxt bu münaqişənin Bakı və Yerevanla bərabər əhəmiyyətli tərəfi olmamışlar. Onların statusu həmişə Dağlıq Qarabağ regionunun azərbaycanlılar icmasının statusuna bərabər olmuş və "maraqlı tərəf" kimi tövsif edilmişdir.
Bu formatı heç kəs dəyişə bilməz, erməni təbliğatının dediyi kimi, guya "üçtərəfli formatı təsdiq etmiş" ATƏT-in Budapeşt sammiti də buna nail olmamışdır (ümumiyyətlə, həmin sammit öz qarşısında belə bir məqsəd qoymamışdır). Bu, erməni tərəfin xəstə təxəyyülünün və onun beynəlxalq sənədləri təhrif olunmuş şəkildə şərh etmək adətinin səciyyəvi məhsuludur. Bu barədə dəfələrlə yazılmışdır, hətta erməni təbliğat və təşviqatının podratçısı xidmətlərini canfəşanlıqla yerinə yetirən Vladimir Kazimirov da Azərbaycanın gətirdiyi çoxsaylı dəlilləri təkzib edə bilməmişdir. Buna görə də Levonyan Budapeşt sammitinin adını neçə dəfə çəksə də, 1992-ci ildə ABŞ dövlət katibi Ceyms Beyker tərəfindən təklif edilmiş formatı dəyişmək heç kəsə, xüsusən bu vəzifədə onun indiki həmkarı Hillari Klintona heç vaxt nəsib olmayacaqdır.
Levonyan özündən razı halda İrlandiya XİN rəhbəri İmon Gilmorun Yerevanın Xankəndindəki oyuncağı Bako Saakyan ilə görüşü barədə yazır, Gilmorun Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ regionuna səfər etmək təklifindən açıq imtina etməsində ifadə olunmuş şapalaq barədə isə, görünür, xəcalətindən susur. Yəqin ki, Gilmor da bu mənasız səfərdən məhz ona görə imtina etmişdir ki, münaqişənin "üçüncü, bərabərhüquqlu" tərəfinin rolu "artmasın".
Saakyan çox da lovğalanmasın – Gilmor onunla "üçüncü, bərabərhüquqlu tərəf"in lideri kimi deyil, məhz iki maraqlı tərəfdən birinin nümayəndəsi kimi görüşmüşdür.
Bu da gülməlidir ki, Levonyan oyuncaq rejimin rolunun "artmasının" və fəallaşmasının sübutu kimi Gilmorun və Klintonun sözlərini deyil, "ATƏT-in Budapeşt sammitində təsdiq edilmiş danışıqlar formatının bərpa edilməsinin" zəruri olması barədə Bako Saakyanın sözlərini sitat gətirir. Guya Saakyandan hansısa başqa bəyanat gözləmək olarmış.
Bizə belə gəlir ki, İrlandiya XİN rəhbəri məhz bu cür bəyanatdan sonra Levonyanın "Arsax liderləri" adlandırdığı adamların bitib-tükənməz sarsaqlamalarından təngə gələrək Xankəndiyə getməkdən qəti imtina etmişdir. Hərçənd, Levonyan üçün Saakyanın sözləri oyuncaq Xuntanın rolunun "artmasına" sübutdur. Mübahisə etməyəcəyik.
Levonyan Aşot Qulyanın Londona səfərini Dağlıq Qarabağ ermənilərinin rolunun "artmasına" daha bir sübut adlandırır. Qoy Qulyan hara istəyir getsin, kiminlə istəyir nahar etsin! Belə getsə, ermənilər bir azdan Bako Saakyanın adalarda gündə qaralmaq məqsədilə səfərlərini də "rəsmi səfərlər" kimi qələmə verəcəklər. Bir sözlə, onlar öz illüziyaları aləmində yaşayırlar.
Levonyanın məqaləsindəki bu abzas da gülünclüyü ilə adamı mat qoyur: "Dünyada belə bir presedent tapmaq çətindir ki, bu və ya digər etnik qrupun taleyi (statusu) həmin qrupun nümayəndələrinin iştirakı olmadan həll edilsin. Elə Gilmor özü də, Olsterlə bağlı danışıqların iştirakçılarından biri olmuş adam kimi lap əla bilir ki, danışıqların tərəfləri təkcə Dublin və London deyil, həm də (özü də birinci növbədə) Şimali İrlandiya xalqı olmuşdur".
Dağlıq Qarabağ erməniləri bu regionun azərbaycanlı sakinləri kimi, yaxud Zəngəzurdan, Göyçədən, Vedibasardan, Amasiyadan, nəhayət İrəvandan olan azərbaycanlılar kimi "etnik qrupdur". İkincisi, Olsteri Qarabağla müqayisə etmək səfehlikdir. Dublin Olsteri işğal etməmişdir, orada öz qoşunlarını dislokasiya etmir, öz çağırışçılarını oraya müddətli hərbi xidmətə göndərmir, özünün illik milli büdcəsini Şimali İrlandiyanın büdcəsinə daxil etmir. Şimali İrlandiyada İrlandiya valyutası deyil, Britaniya funtu işlədilir. Bu regionun sakinləri dünya ölkələrinə səfər edərkən onların ciblərində İrlandiya pasportları olmur. İrlandiyada ölkənin hər yerində xəritələr asıb Olsteri İrlandiyanın tərkibində göstərmirlər. Ümumiyyətlə, Ermənistanın təcavüzü "miatsum" şüarından başlanmış, sonra isə Starovoytova və Bonnerin məsləhəti ilə xalis taktiki məqsədlər üçün "təyini-müqəddərat" ideyası ilə əvəz edilmişdir, halbuki İrlandiyada ümumiyyətlə, Olsterlə heç bir "miatsum" barədə danışmırlar. Bir sözlə, Olsteri Qarabağla müqayisə etməyə çalışan Levonyanın fikirlərini puç edən əks dəlillər çoxdur. Beləliklə, Qafqazda münaqişə tərəfləri Yerevan və Bakı, adalarda isə Belfast və Londondur.
Levonyan Azərbaycanın öz snayperlərini yalnız Ermənistan tərəfindən işğal edilmiş Qarabağın tamamilə azad edilməsindən sonra geri çəkmək barədə qəti mövqeyindən də yan keçmir. Söhbət yeddi ətraf rayonun deyil, Azərbaycanın eyni dərəcədə ayrılmaz hissəsi olan Dağlıq Qarabağın özünün azad edilməsindən gedir.
Levonyan yazır ki, Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun cavabı "sağlam düşüncəni ələ salmaq" kimi qəbul edilməlidir. Əslində isə ərazilər azad edilmədən snayperlərin təmas xəttindən geri çəkilməsi təklifinin özü sağlam düşüncənin ələ salınması deməkdir. Məgər ağlı başında olan adam neytral İsveçrənin nasist Almaniyasına və SSRİ-yə etimadın möhkəmlənməsi tədbiri kimi Stalinqrad rayonunda ağır artilleriyanı və zirehli texnikanı qoşunların təmas xəttindən geri çəkməsi təklifini ağlına gətirə bilərmi? Hətta danışıqlar iyirmi il uzansa belə. Bax bu, həqiqətən sağlam düşüncəni ələ salmaq olardı. Buna görə Məmmədyarovun cavabı yeganə düzgün cavab kimi qiymətləndirilməlidir.
Qoy Levonyan Məmmədyarovun cavabını Gilmorun təkliflərindən faktiki imtina edilməsi adlandırmış "Bloomberg" nəşrindən sitat gətirsin. Bəli, bu, imtinadır!
Levonyan yazır: "erməni bölmələrinin DQR ətrafındakı bəzi rayonlardan çıxarılmasının başlanması barədə (həmsədrlər tərəfindən təklif edilmiş Madrid prinsiplərində yazıldığı kimi) yalnız döyüş əməliyyatlarının yenidən başlanmayacağına zəmanət əldə edildikdən sonra danışmaq olar". Yox əşi! Döyüş əməliyyatlarının yenidən başlanmayacağına zəmanət yalnız bütün işğalçı qüvvələr Dağlıq Qarabağ regionu da daxil olmaqla işğal edilmiş bütün ərazilərdən tamamilə çıxarılandan sonra yaranacaqdır!
Çoxdan və dəfələrlə deyilmişdir ki, Kazanda Bakının 10 yeni şərt irəli sürməsi elə-belə olmamışdır. Bu, erməni təbliğat və təşviqatının israrla dediyi kimi təkliflər deyil, əks təkliflər idi. Kazanda Rusiya diplomatiyası əvvəllər heç vaxt müzakirə edilməmiş bir sıra yeni elementlər təqdim etmişdi. Həmin elementlər Azərbaycanın maraqlarına uyğun olmadığından, o da öz növbəsində cavab kimi 10 əks təklif ("təklif" yox) irəli sürmüş, bunlar isə Ermənistanı qane etməmişdir. Kazan danışıqlarının səmərəsiz olması əhvalatı bundan ibarətdir. Lakin Kazan sammitində Bakının tutduğu mövqe həm o vaxt, həm də bu gün birmənalı şəkildə alqışlanmağa layiq idi!
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB