Mingəçevir şəhər İH: \"Bəzi KİV-də gedən məlumatlar əsassızdır\"

Mingəçevir şəhər İH: \"Bəzi KİV-də gedən məlumatlar əsassızdır\"

Son günlər bəzi kütləvi informasiya vasitələrində Mingəçevirdə sahibkarlıq obyektlərinin sökülməsi barədə araşdırılmamış məlumatlar gündəmə çıxarılır. SİA-nın müxbiri məsələ ilə bağlı Mingəçevir şəhər İcra Hakimiyyətindən münasibət öyrənib.

İcra Aparatının İctimai təşkilatlar və siyasi partiyalarla iş şöbəsindən aldığımız məlumata görə, həqiqətən son dövrlərdə Mingəçevir şəhərində abadlıq-quruculuq işlərinə start verilib. Şəhər əhalisinin yeganə istirahət yeri olan "Sahil" parkında müasir memarlıq layihəsi əsasında əsaslı bərpa və yenidənqurma işlərinə başlanılıb. Ərazidəki bəzi sahibkar obyektlərinin müasir tələblərə cavab vermədiyini, qeyri-qanuni tikildiyini və parkın ətrafında yaşayan əhalinin narazılıqlarını nəzərə alaraq sahibkar obyektlərinin qarşılıqlı razılıq çərçivəsində müasir üslubda dəyişdirilməsi, başqa ərazilərdə yer ayrılması və sairə ortaya çıxan məsələlər həll olunmaqdadır.


"Sahil" parkında bərpa və yenidənqurma işlərinin sentyabr ayında yekunlaşdırılması nəzərdə tutulub. Odur ki, qeyd edilən kütləvi informasiya vasitələrində gedən məlumatlar əsassızdır.

Bütün xəbərlər Facebook səhifəmizdə