Şəhərin mərkəzində adambaşına düşən yaşayış sahəsi artacaq

Şəhərin mərkəzində adambaşına düşən yaşayış sahəsi artacaq

Azərbaycan Dövlət Şəhərsalma və Arxitektura Komitəsi 2030-cu ilədək Bakı şəhərinin mərkəzi hissəsinin layihələndirilən planını açıqlayıb. Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədr müavini Dövlətxan Dövlətxanov SİA-ya açıqlamasında deyib ki, plana əsasən qarşıdakı 18 il ərzində paytaxtın mərkəzi hissəsində yaşayış fondu 7 611 min kvadratmetrdən 9 080,3 min kvadratmetrə çatdırılacaq. Nəticədə şəhərin mərkəzində adambaşına düşən yaşayış sahəsi 21,84 kvadrat metrdən 24,33 kvadratmetrədək artırılacaq.

O, qeyd edib ki, dəyişikliklər nəticəsində şəhərdəki 1-2 mərtəbəli yaşayış binaları 6 dəfə azalaraq indiki 1 240,3 min kvadratmetrdən 211,2 min kvadratmetrə enəcək: "Əvəzində şəhərin mərkəzində 6-9 mərtəbəli binaların sayı təqribən 3 dəfə artacaq və belə binalardakı yaşayış fondu indiki 604,6 min kvadratmetrdən 2 milyon 17,4 min kvadratmetrə çatacaq. 10-12 mərtəbəli binalardakı mənzil fondunun sahəsi də 1,7 dəfə artaraq indiki 574,7 min kvadratmetrdən 980 min kvadratmetrə çatacaq. 16 və daha yüksəkmərtəbəli evlərin sahəsi isə 3 milyon 324,5 min kvadratmetrdən 3 milyon 747,3 min kvadratmetrədək artacaq".

Bütün xəbərlər Facebook səhifəmizdə