Dünya ölkələrinin standartlaşdırma orqanlarının rəhbərləri Bakıya toplaşıb - FOTOLAR

Dünya ölkələrinin standartlaşdırma orqanlarının rəhbərləri Bakıya toplaşıb - FOTOLAR

Bu gün Bakı şəhərində Şərqi Avropa və Mərkəzi Asiyanın milli standartlaşdırma orqanlarının rəhbər icraçı direktorlarının forumu işə başlamışdır. Beynəlxalq Standartlaşdırma Təşkilatı (İSO) və Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin (SMPDK) birgə təşkilatçılığı ilə keçirilən forum iyunun 20-nə kimi davam edəcək. SİA-nın verdiyi məlumata görə, tədbirdən öncə qonaqlar ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edərək, ulu öndərin məzarı önünə əklil qoymuş, hörmət və ehtiramlarını bildiriblər. Sonra Azərbaycanın müstəqilliyi yolundan canlarından keçən şəhidlərin ruhu yad edilib, Şəhidlər Xiyabanı ziyarət edilib.


Forumun işində Azərbaycan Respublikası ilə yanaşı, Rumıniya, Xorvatiya, Belarus, Albaniya, Latviya, Litva, Qazaxıstan, Gürcüstan və s. ölkənin texniki tənzimləmə və standartlaşdırma sahəsi üzrə milli orqanların rəhbər şəxsləri iştirak edib. Forumda iştirak etmək üçün Beynəlxalq Standartlaşdırma Təşkilatının (İSO) baş katibi Rob Stil də ölkəmizə səfərə gəlib.


Forumun açılışında Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin sədri Ramiz Həsənov çıxış edərək bildirib ki, tədbirin keçirilməsində məqsəd Şərqi Avropa və Mərkəzi Asiya ölkələrində texniki tənzimləmə, standartlaşdırma və uyğunluğun qiymətləndirilməsi sahələrinin beynəlxalq tələblər səviyyəsində inkişafı səviyyəsini öyrənmək, qarşılıqlı əlaqələrin təmin edilməsi üçün zəruri tədbirlər görmək və keyfiyyət infrastrukturunun yaradılması və inkişafı istiqamətində milli standartlaşdırma qurumlarının rolunu qabartmaqdır. Sədr Komitə tərəfindən standartlaşdırma, keyfiyyətin idarə olunması və uyğunluğun qiymətləndirilməsi sahələri üzrə Azərbaycan dövlətinin keçirdiyi son islahatlardan, görülmüş işlərdən, beynəlxalq təşkilatlarla əməkdaşlıq əlaqələrindən, həmçinin ikitərəfli sazişlərdən danışıb.


İSO-nun baş katibi Rob Stil isə çıxışında təşkilatla ölkəmiz arasında yaranmış əməkdaşlıq əlaqələrindən məmnunluğunu bildirib və bu əlaqələrin davamlı olacağına əminliyini vurğulayıb. Onun sözlərinə görə, Azərbaycan İSO-nun iclaslarında, texniki komitələrində uğurla təmsil olunur. Bundan başqa İSO standartları sürətlə tətbiq olunmaqdadır.


Sonra forum diskussiya şəklində davam etdirilib.


İSO-nun təşkilatçılığı ilə sonuncu belə forum 27-29 fevral 2012-ci il tarixlərində Cənubi Afrika Respublikasının Pretoriya şəhərində keçirilib.


Xatırlatma üçün bildirək ki, Azərbaycan Respublikası 2003-cü ildən İSO-nun tam hüquqlu üzvüdür. Bu müddət ərzində Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi İSO ilə sıx əməkdaşlıq əlaqələri qurub. Komitə təşkilatın texniki komitələrində fəal iştirak edir, İSO standartlarının ölkəmizdə harmonizasiyası və tətbiqi istiqamətində fəal iş aparır. Hazırda 60-dək İSO standartı milli standart kimi təsdiq edilmişdir. Bundan başqa İSO standartları harmonizasiya edilərək dövlət standartı kimi qəbul edilir. Ümumiyyətlə, beynəlxalq standartların ölkəmizdə tətbiqi işləri sürətləndirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə