Bakıda Ombudsmanların növbəti ənənəvi X beynəlxalq konfransı keçirilir
Bu gün Bakıda "Fövqəladə hallarda insan hüquqlarının müdafiəsi: problemlər və imkanlar" mövzusuna həsr edilən Ombudsmanların növbəti ənənəvi beynəlxalq konfransı öz işinə başlayıb. SİA-nın xəbərinə görə, konfrans İnsan Hüquqları Günü, Azərbaycan Ombudsmanının fəaliyyətinin 10 illiyi və Azərbaycanın YUNESKO-ya üzv olmasının 20 illiyi münasibətilə keçirilir.
Tədbirdə çıxış edən ombudsman Elmira Süleymanova deyib ki, prezident İlham Əliyevin müvafiq sərəncamı ilə 18 iyun tarixi ölkədə Milli İnsan Hüquqları Günü kimi qeyd olunur. Onun sözlərinə görə, fəaliyyət müddəti ərzində hər il insan hüquqlarının prioritet aspektləri üzrə ənənəvi beynəlxalq konfranslar keçirir, xarici ölkələrin ombudsmanları, milli insan hüquqları təsisatlarını təmsil edən həmkarları ilə məlumat və təcrübə mübadiləsi aparır: "Bu günədək təşkil olunan Ombudsmanların doqquz Bakı Beynəlxalq konfransında 60-dək ölkənin ombudsmanları və əməkdaşları iştirak edib, İnsan Hüquqları üzrə Müvəkkil və onun nümayəndələri isə 320-dən artıq beynəlxalq tədbirə qatılıblar. Bu il keçirilən onuncu beynəlxalq konfransda Avropa, Asiya və Amerikanın 20 ölkəsindən 56 xarici qonaq - ombudsmanlar və onların nümayəndələri, milli insan hüquqları təsisatlarının təmsilçiləri, həmçinin insan hüquqları sahəsində tanınmış alimlər və beynəlxalq ekspertlər iştirak edirlər. Bunlardan Meksika, Çin, Yaponiya, Koreya, Malayziya və Türkiyə ilk dəfə olaraq Ombudsmanların Bakı konfransına qatılıblar. Ombudsman təsisatının institusional üzvü olduğu Beynəlxalq və Avropa Ombudsmanlar İnstitutlarının, Asiya Ombudsmanlar Assosiasiyasının məsul təmsilçiləri də konfransa qatılıblar. Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin təşəbbüsü ilə cari ilin 18 may - 18 iyun tarixlərində respublikamızda ənənəvi İnsan hüquqları aylığı elan olunub və silsilə tədbirlər davam etdirilməkdədir. İnsan hüquqları aylığının nəticələrinə konfransda yekun vurulacaq".
Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov isə hazırda ölkədə olan qaçqın və məcburi köçkünlərin bugünki taleyi barədə ətraflı məlumat verib. Onun sözlərinə görə, bir çox səylərin göstərilməsinə baxmayaraq Azərbaycanda hələ də Dağlıq Qarabağ münaqişəsi həll olunmayıb: "Ermənilər işğal altında olan Dağlıq Qarabağ ərazisində narkotik maddələr becərir, onu sataraq silah alırlar. Orada həmçinin terrorçular yetişdirilir və dünyanın müxtəlif münaqişə bölgələrinə göndərilir. Biz bir dəfə BMT-nin narkotiklərlə mübarizə üzrə müvafiq qurumuna müraciət etmişdik ki, Dağlıq Qarabağ ərazisində monitorinq aparsınlar. Lakin onların müraciətinə baxmayaraq ermənilər buna imkan vermir".
Tədbirdə çıxış edən fövqəladə hallar naziri Kəmaləddin Heydərov isə "Fövqəladə hallar və onların nəticələrinin aradan qaldırılması" mövzusunda çıxış edib. Nazir tədbirin mövzusunun kifayət qədər aktual olduğunu vurğulayıb. K. Heydərov FHN-in yaranması zərurəti və tarixindən, son illərdə ölkədə təbii fəlakətlər və onların nəticələrinin aradan qaldırılması barədə danışıb: "Fövqəladə hallar və onların nəticələrinin aradan qaldırılması daim hər bir dövlətin diqqət mərkəzində olmalıdır. Fəlakətin növündən və miqyasından asılı olmayaraq hadisə baş verdikdə hər bir dövlətdə və cəmiyyətdə insan hüquqlarının qorunması digər zamanlarda olduğu kimi təmin edilməlidir. Hazırda Azərbaycanda cəmiyyətin təməl hüquqlarından olan insan hüquqlarının qorunması müəyyən edilmiş inkişafın əsas göstəricilərindəndir".
Konfrans plenar iclaslarla davam etdirilib. Plenar iclaslarda qonaqlar, millət vəkilləri mövzu ilə bağlı fikirlərini bölüşüb və qarşılıqlı fikir mübadiləsi aparılıb.
Qeyd edək ki, konfrans iyunun 20-dək davam edəcək. Konfrans çərçivəsində ilk dəfə olaraq Asiya Ombudsmanlar Assosiasiyası Direktorlar Şurasının iclası Bakıda keçiriləcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB