Nazir uçmuş evlərlə bağlı maraqlı faktlar açıqladı

Fövqəladə halla naziri Kəmaləddin Heydərov zəlzələ bölgəsində vətəndaşların qiymətləndirmə prosesinin düzgün aparılmamasından narazı olmaları barədə mətbuatda gedən yazılarla bağlı suala cavab verib. SİA-nın məlumatına görə, o jurnalistlərə açıqlamasında bildirib ki, bu mümkün olan məsələ deyil: "Çünki vəziyyətin qiymətləndirməsi prosesi komissiyalar tərəfindən aparılır. Həmin komissiyanın tərkibinə yerli icra qurumları, Maliyyə, İqtisadi İnkişaf, Fövqəladə Hallar nazirliklərinin nümayəndələri daxildir. Əhali bəzən uçmamış evlərinin yenidən sökülüb tikilməsini tələb edirdi. Biz bunu Kür daşqınları olan zaman Sabirabad bölgəsində də gördük. Bu düzgün deyil. Yəqin ki, bilirsiniz ki, zəlzələ bölgəsində evlərin böyük hissəsi çay daşları üst-üstə qoyularaq tikilib. Tələb olunan bərkitmə üsullarından istifadə olunmayıb. Təbii ki, bu cür evlər 5 bal və ondan yuxarı təkana dözməzlər. Biz indi də deyirik, orada da tövsiyə etdik ki, hər bir adam şəxsi evini tikəndə təhlükəsizliyə riayət etməlidir. Demək olar ki, zəlzələ bölgəsindəki evlərin əksəriyyətində zəlzələyə qarşı olan kəmərlər yoxdur. Sual oluna bilər ki, bəs digər evlər niyə uçmamışdı? Deməli, o biri evlər dayanıqlı tikilib. Təhlil zamanı da dediklərim öz təsdiqini tapır. Bununla yanaşı, həmin zonada zəlzələ təsadüfən baş verməyib. Həmin bölgədə böyük zəlzələlər olub. Ümumilikdə, Azərbaycanın hər bir yeri seysmik zonadır, o cümlədən həmin zona. Ona görə də evlərt tikiləndə nazirliyin tikintiyə nəzarət agentliyi bəzi yerlərdə 8, bəzi yerlərdə isə 9 bal gücünə dözə biləcək tikinti normalarının olmasını tələb edirlər. Əhali də bunu bilməlidir. Bundan əlavə, dövlət obyektləri, şəhərlərdə hündür mərtəbəli binalar tikilən zaman da FHN-in Seysmoloji standartları nəzərə alınmalıdır. Bunlar mütəmadi olaraq ekspertizadan keçir. İndi gəlin görək, kəndlərdə kimlərsə özünə ev tikirsə, o standartları nəzərə alırmı? Sadəcə, çay daşlarından, bir qədər də sement vuraraq ev tikirlər. Burada həmin tələblərə riayət olunmur. Amma gələcəkdə bu standartları hamı bilməlidir. Məsələn, daşqınlar baş verən zonada qəzalı vəziyyətə düşən evlərin böyük əksəriyyətinin də çiy kərpicdən tikilən və bəndlər arasında inşa olunan evlər idi. Bəndlərin arasında isə ev tikmək düzgün deyil. Bəzi çiy kərpicdən tikilən evlər daşqınlar zamanı uçmasa da, sonradan isti nəticəsində palçıq aralanması nəticəsində uçqunlar başladı. O vaxt evlərin 90%-ni tikdik, amma sonradan uçan evlər oldu. Hər bir vətəndaş tikəcəyi evdə tikinti qaydalarına riayət etməlidir".

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...