Dəmiyolları sistemi yay mövsümünə hazırdırmı?

Dəmiyolları sistemi yay mövsümünə hazırdırmı?

"Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyəti yay mövsümü ilə əlaqədar olaraq gücləndirilmiş iş rejimində işləyir. "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Nadir Əzməmmədov SİA-ya açıqlamasında deyib ki, havaların isti keçməsi ilə əlaqədar olaraq qatarlar hərəkətə çıxmamışdan öncə onların kondisioner sistemi yoxlanılır və sonra relsə göndərilir. Hazırda 80% vaqonlarda kondisioner sisteminin olduğunu deyən N.Əzməmmədov vurğulayıb ki, kondisioneri olmayan qatarlar da var və gələcəkdə onlarda da bu sistem quraşdırılacaq.


Bakı-Qazax istiqamətində gedən qatarlarda kondisionerin olmaması səbəbindən o istiqamətdə getmənin müşgülə çevrilməsi məsələsinə də münasibət bildirən mətbuat xidmətinin rəhbəri qeyd edib ki, onların böyük əksəriyyətində kondisioner var: "Bəzilərində yoxdur və onlar da əvvəldən hesaba alınmayıb. Ona görə də onlarda sistemin texniki cəhətdən həyata keçirilməsi mümkün deyil. Hazırda 50 vaqon təmir olunmaq üçün xarici ölkəyə göndərilib. Onun 10 ədədi artıq hazırdır və yaxın günlərdə Bakıya gətiriləcək. Həmin yeni vaqonlar köhnə vaqonlarla əvəz olunacaq".

N.Əzməmmədov əlavə edib ki, gücləndirilmiş iş rejimində işləyən "Azərbaycan Dəmir Yolları" hər gün yollara da 2 - 3 dəfə baxış keçirir.


"Bu zaman texniki qurğuların sazlığı yoxlanılır, relslər arası məsamələr ölçülür. İsti hava şəraitində relslərin genişlənməsi baş verə bilər. Belə halda baş verə biləcək qəzaların qarşısını almaq üçün gün ərzində 2-3 dəfə yollara baxış keçirərək mövcud olan qüsurları aradan qaldırırıq", - deyə o bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə