Günvurmadan necə qorunmalı?!- ARAŞDIRMA

Son günlər cənubdan hərəkət edən isti hava kütlələrinin ölkə ərazisinə daxil olması nəticəsində hava şəraiti anomal isti keçir. Bu hava şəraiti iyunun 18-nə kimi davam edəcək. Təbii ki, bu cür anomal hava şəraitindən əziyyət çəkənlər də az deyil. Əziyyət çəkənlər isə ən çox günvurmadan şikayət edirlər. Bəs, günvurmadan əziyyət çəkənlər nə etməlidir? SİA bu suala cavab tapmaq üçün Təcili Tibbi Yardım Stansiyasının baş həkimi Mürsəl Həmidovla əlaqə saxlayıb.

Bakı şəhəri Təcili və Tibbi Yardım Stansiyası havaların isti keçməsi ilə əlaqədar əhaliyə xəbərdarlıq edib. Stansiyanın baş həkimi Mürsəl Həmidov bildirir ki, son günlər havaların isti keçməsi səbəbindən günvurma halları çoxala bilər. Belə ki, saat 11.00-dan 17.00-a qədər ehtiyac olmadığı təqdirdə açıq günün altında gəzmək olmaz. Günvurmaya yaşlılar, uşaqlar, xəstələr, kök adamlar daha çox məruz qalırlar. Həkim bildirib ki, belə anomal isti havalarda küçəyə çıxan insanlar təbii, açıq rəngli, bədənə çox yapışmayan paltarlar geyinməlidirlər.

Baş həkim həmçinin mayın 1-dən günvurma diaqnozu ilə stansiyaya daxil olan şəxslərin statistikasını da açıqlayıb. Onun sözlərinə görə, mayın 1-dən bu günə qədər stansiyaya günvurmaya görə müraciət edənlərin sayı 7 nəfərdir. Onlardan 4-ü xəstəxanaya çatdırılıb. Onlar da ilk tibbi yardım aldıqdan sonra evə buraxılıb. Digər 3 nəfər isə özlərini yaxşı hiss etdiklərindən xəstəxanaya gətirilməyib.

Günvurmaya məruz qalmamaq üçün bir sıra üsullar var. Baş həkim həmin üsulları da sadalayıb. Belə ki, havanın temperaturu gündüz saat 11.00-dan axşam 17.00-ə kimi yüksək olur. Bu vaxt ərzində açıq havada az hərəkət etməli, zərurət yaranmadığı təqdirdə küçəyə çıxmamalı, əgər çıxılarsa da kölgəli yerlərdə olmaq daha məqsədə uyğundur. Bununla yanaşı, baş örtüklərindən istifadə etməkdə məqbuldur. Geyimlərə gəlincə isə çalışdığınız qədər kətan və ya pambıq parçalara üstünlük verəsiniz. Paltarlar açıq rəngli və bədənə kip olmamalıdır. Günəşli havada maye qəbuluna daha çox diqqət etmək lazımdır. Çox şirin və ya duzlu qidalar qəbul etmək lazım deyil. Sərinləşdirici təbii içkilərdən və mineral sulardan istifadə etmək tövsiyə olunur.

Mürsəl Həmidov: "Havanın temperaturu yüksəldikcə, dərinin səthi çirkli olarsa və ya dəri səthinə paltar kip yapışarsa, o zaman daxildə yaranan temperatur günvurmaya səbəb olur".

İnsan orqanizmi özü- özünü tənzimləyir. Bu proses pozulursa, təbii ki, bunun da öz səbəbləri var. Günvurmalar o zaman baş verər ki, günəş altında çox gəzilir.

Qızmar yay günlərində qida rejiminə də xüsusi diqqət edilməlidir.

Baş həkim onu da qeyd edib ki, belə hava şəraitində qida rejiminə də diqqət etmək lazımdır. Çalışmaq lazımdır ki, yay mövsümündə rahat həzm olunan qidalara üstünlük verilsin. Xüsusi ilə də meyvə- tərəvəzə.

Günvurmanın da özünəməxsus dərəcələri olur.

Günvurmanın 3 dərəcəsi olur. Bunlar yüngül, orta və ağır dərəcəli günvurmalardır.

Yüngül günvurmada- baş ağrıları və gicəllənmələr, ümumi zəiflikdən şikayət olunur. Bədənin təzyiqi normal, temperatur isə olmur.

Orta dərəcəli günvurmada- bədən temperaturu 38-ə qalxır və baş ağrıları müşahidə olunur. Ürək döyüntülərinin sayı artaraq nəfə salmada tezləşmə baş verir. Təzyiq artır.

Ağır günvurma mərhələdə isə- mərkəzi sinir sistemində ciddi dəyişiklər müşahidə olunur. Hətta ürək dayanması halı da baş verə bilir. Ürək- qan damar fəaliyyəti normadan kənara çıxır. Arterial təzyiq isə aşağı düşür. Bədən temperaturu isə 40 dərəcədən yuxarı qalxır. Belə olduqda isə həyati vacib orqanlar- ürək, böyrək, ağciyərin fəaliyyəti çətinləşir. Tədricən xəstə komaya düşür. Təbii ki, həmin xəstəni də komadan çıxartmaq çox çətin olur.

Günvurma halı müşahidə olunan insanlara ilk tibbi yardım necə göstərilməlidir?

Təcili Tibbi Yardım Stansiyasının baş həkimi Mürsəl Həmidov qeyd edib ki, günvurmadan əziyyət çəkən insanlara göstərilən ilk yardımdan çox şey asılıdır: "Həmin insanı ilk növbədə kölgəli yerə çəkmək, bədəninə havanın rahat daxil olması üçün geyiminin yaxasını açmaq və xəstəyə sərinləşdirici maye içirmək lazımdır. Başının altına əl altında olan əşyalardan və ya əl çantası qoymaq məsləhətdir. Çünki hava ağciyərlərə sərbəst daxil olmalıdır. Sonrakı proses isə təcili tibbi yardım həkimlərinin öhdəsinə düşür".

Anomal hava şəraiti nə zamana kimi hökm sürəcək?

Hava şəraitinə gəlincə isə son 4 gündə şəhərimizdə hökm sürən anomal istinin sabahdan tədricən sərin küləklə əvəzlənəcəyi bildirilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyevin verdiyi məlumata görə, sabahdan hava şəraitinin dəyişiləcəyi gözlənilir. Belə ki, iyunun 17-dən başlayaraq temperatur tədricən enəcək. Şimal küləyinin sürəti nisbətən artacaq və bu səbəbdən temperatur 30-34 dərəcə intervalında dəyişəcək. İyunun 18-də hava şəraiti daha da sərinləşəcək, küləkli hava davam edəcək. Havanın temperaturu paytaxtda 26-29 dərəcə olacaq. Nisbətən sərin hava iyunun 20-dək davam edəcək. Respublikanın rayonlarında da iyunun 17-dən 19-u gündüzədək qeyri-sabit hava şəraiti müşahidə olunacaq, bəzi rayonlarda axşam və gecə saatlarında yağış yağacağı, dağlıq və dağətəyi rayonlarda leysan xarakterli olacağı gözlənilir.

Sonda şəhərimizin sakinlərinə küçəyə çıxarkən ehtiyatlı olmağı və nəzərdə tutulan vaxtlarda açıq havada istirahət etməyi məsləhət görürük.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...